AZ

"İsrail İordan çayının Qərb Sahilində müharibə cinayətləri törədib" - "Human Rights Watch"

"Hüquq müdafiəçiləri on minlərlə fələstinlinin zorla qovulmasını etnik təmizləmə və insanlığa qarşı cinayət kimi qiymətləndirir və beynəlxalq ictimaiyyəti təcili tədbirə çağırır..."

"Human Rights Watch" cümə axşamı geniş hesabat dərc edib və bəyan edir ki, 2025-ci ilin əvvəlində İsrail tərəfindən İordan çayının Qərb Sahilində üç qaçqın düşərgəsindən on minlərlə fələstinlinin zorla çıxarılması beynəlxalq hüquqa görə müharibə cinayəti və insanlığa qarşı cinayətdir.

Moderator.az xəbər verir ki, bu barədə "israelinfo.co" nəşri yazıb.

"Human Rights Watch"-un iddiaları və sənədin mahiyyəti

105 səhifəlik hesabatda bildirilir ki, təxminən 32 min sakin - Cenin, Tulkarm və Nur-Şəms düşərgələrindən yanvar-fevral aylarında "Dəmir Divar" əməliyyatı çərçivəsində çıxarılıb. HRW-nin məlumatına görə, əməliyyatın üzərindən 10 ay keçməsinə baxmayaraq, sakinlərə evlərinə qayıtmağa icazə verilmir, yüzlərlə bina tamamilə sökülüb.

Hesabatda qeyd olunur ki, əsgərlər evləri basaraq axtarışlar aparıb, pilotsuz aparatların üzərinə yerləşdirilən səsgücləndiricilər vasitəsilə ailələrə evləri dərhal tərk etmək əmri verilib. Qaçan insanlar danışır ki, buldozerlər evləri arxalarından dağıdıb.

İsrail ordusu köçürülən insanlara nə sığınacaq, nə də humanitar yardım göstərib. Minlərlə ailə məscidlərdə, məktəblərdə və xeyriyyə təşkilatlarında gecələməyə məcbur olub. Jenin düşərgəsindən qovulan Hişam Əbu Tabih "Reuters"ə belə deyib: "Yeməyimiz, suyumuz, dərmanımız, pulumuz yoxdur…həyat çox ağırdır".

Dağıntının miqyası və hüquqi qiymətləndirmə

HRW bildirir ki, əməliyyat nəticəsində 850-dən çox tikili dağıdılıb və ya ciddi zədələnib. BMT isə daha böyük rəqəm - 1 460 binanın dağıldığını bəyan edir. Bu düşərgələr 1950-ci illərdə, İsrailin 1948-ci ildə qurulması zamanı doğma torpaqlarından qovulan fələstinlilər üçün salınmış və bir neçə nəslin evi olub.

HRW hesab edir ki, bu qovulma təkcə hərbi əməliyyat deyil, aparteid və təqib siyasətinin bir hissəsidir. Cenevrə Konvensiyaları işğal altında olan ərazilərdə mülki əhalinin zorla köçürülməsini birmənalı şəkildə qadağan edir, yalnız hərbi zərurət və mülki əhalinin təhlükəsizliyi istisnadır. HRW bu addımı həm də açıq şəkildə "etnik təmizləmə" kimi səciyyələndirir.

Cavablar, məsuliyyət tələbi və beynəlxalq çağırışlar

HRW beynəlxalq aləmi yüksək rütbəli İsrail rəsmilərinə qarşı sanksiya, silah embarqosu və məhkəmə prosesi tətbiq etməyə çağırır. Hesabatda adı çəkilən şəxslər arasında Avi Blut - Mərkəzi hərbi dairənin komandanı, Herzi Halevi və Eyal Zamir - keçmiş Baş Qərargah rəisləri, Betsalel Smotriç və İsrail Kats - müdafiə nazirləri, Benyamin Netanyahu - baş nazirin məsuliyyətə cəlb edilməsini tələb edilir.

İsrail ordusu isə "Reuters"-ə bildirib ki, dağıntılar döyüşçülərin infrastrukturu istifadə etməsinin qarşısını almaq üçün aparılıb. Lakin ordudan nə kütləvi köçürmənin səbəbi, nə də sakinlərin qayıdacağı tarix barədə konkret cavab verilməyib.

HRW bildirir ki, artıq bəyanatlar kifayət deyil, beynəlxalq ictimaiyyət İsrail rəsmilərinə qarşı hədəfli sanksiyalar tətbiq etməli, İsrailə silah satışını müvəqqəti dayandırmalı, Qərb Sahilindəki məskunlaşdırma məhsullarını boykot etməli, Beynəlxalq Cinayət Məhkəməsinin orderlərini icra etməlidir.

Seçilən
33
1
moderator.az

2Mənbələr