BAKI, 21 noyabr. TELEQRAF
D8 çərçivəsində Azərbaycanda yaradılacaq Media Mükəmməlliyi Mərkəzinin media əməkdaşlığını daha da inkişaf etdirəcəyinə və kollektiv strateji kommunikasiya potensialımızı gücləndirəcəyinə inanırıq.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Respublikası Prezidentinin Kommunikasiya İdarəsinin Strateji Kommunikasiya və Böhran İdarəetmə Şöbəsinin rəhbəri Bora Bayraktar Bakıda keçirilən D-8 Media Forumunda açılış nitqi ilə çıxışında deyib.
O qeyd edib ki, Türkiyə bilik və təcrübəsini paylaşmağa, həmçinin bu mərkəzin yaradılması üçün beynəlxalq əməkdaşlıq və koordinasiyanı möhkəmləndirməyə hazırdır:
“Biz kommunikasiya sahəsində dərin bir transformasiyanın şahidiyik. Rəqəmsal texnologiyaların gündəlik həyatla iç-içə olması, qlobal qeyri-müəyyənliklər, savaşlar və onların törətdiyi faciələr milli sərhədləri aşan bir kommunikasiya anlayışını tələb edir.
Kommunikasiya texnologiyalarında inqilabi irəliləyişlər beynəlxalq koordinasiya və əməkdaşlığı əvəzsiz edir. Qlobal mürəkkəb çağırışlarla başa çıxmaq üçün D8 kimi beynəlxalq təşkilatların məsuliyyəti getdikcə artır. Rəqəmsal media, sosial şəbəkələr və süni intellekt informasiya istehsalını və dövriyyəsini sürətləndirsə də, yanlış məlumatların yayılmasını və manipulyasiyanı da asanlaşdırıb.
Dəqiq və etibarlı məlumatlara olan tələbat misli görünməmiş səviyyəyə çatıb. İnformasiya müharibələri ənənəvi münaqişələrin bir hissəsinə çevrilib və bu gün dövlətlər və cəmiyyətlər hibrid təhlükələrlə üzləşir. Süni intellektin gücü ilə birləşmiş yeni media vasitələri ictimai nizamı pozmaq və dövlət institutlarına inamı sarsıtmaq üçün bir silah kimi istifadə olunur. Bu reallıq kommunikasiya anlayışının özü barədə yenidən düşünməyi tələb edir”.
O əlavə edib ki, D8 Media Forumunun məhsuldar və davamlı nəticələr yaratmasını arzu edir.