AZ

28 maddəlik layihə: Qərbin parçalanması, Ukraynanın etirazı, Rusiyanın təsiri…”

Ukrayna müharibəsinin gedişatında yeni mərhələyə keçid siqnalları verən əsas məqamlardan biri ABŞ-ın təşəbbüsü ilə hazırlanmış 28 maddəlik sülh planının gündəmə çıxmasıdır. Bu planın Ukrayna və Avropa Birliyi iştirak etmədən formalaşdırılması beynəlxalq siyasi nizamda ciddi narahatlıq yaradıb və prosesin real məqsədləri ilə bağlı sualları artırıb. Regional güclərin deyil, qlobal aktorların geosiyasi maraqlarının ön plana keçdiyi bu situasiya, xüsusilə də təhlükəsizlik zəmanətlərinin kim tərəfindən və hansı mexanizmlərlə təmin ediləcəyi məsələsini daha da mürəkkəbləşdirir. Mövcud mənzərə Qərb daxilində parçalanmış yanaşmaları, ABŞ–Rusiya dialoqunun kölgə diplomatiyasını və Ukraynanın prosesdən faktiki kənarda qalmasını açıq şəkildə ortaya qoyur. Bu baxımdan, yeni planın real sülh deyil, geopolitik bölgü xarakteri daşıdığı barədə ciddi müzakirələr gedir.

Siyasi analitik Aydın Quliyev Editor.az-a açıqlamasında bildirib ki, ABŞ tərəfindən hazırlanan və artıq gündəmə gətirilən 28 maddəlik yeni sülh planının mövcudluğu nüfuzlu beynəlxalq media tərəfindən də təsdiqlənib.

 

Onun sözlərinə görə, planın formalaşdırılmasında nə Ukrayna, nə də Avropa İttifaqı iştirak edib:

“Əldə olan faktlardan biri budur ki, 28 maddəlik layihə əsasən Donald Trampın təşəbbüsü və müəyyən mənada Rusiya ilə aparılan danışıqlar əsasında hazırlanıb. Artıq məlumdur ki, Rusiya hakimiyyətinin yüksək vəzifəli nümayəndəsi ABŞ-də dövlət katibi ilə qapalı görüş keçirib. Bu isə onu göstərir ki, sənədin konturları ABŞ və Rusiya arasında aparılan razılaşmaların nəticəsi kimi ortaya çıxıb və Ukrayna prosesdən tam kənarda qalıb”.

Aydın Quliyev bildirib ki, bu faktın özü belə planın perspektivini şübhə altına alır:

“Həm Ukrayna rəhbərliyi, həm də Avropa Birliyi planın real həyata keçəcəyinə ciddi şübhələrini ifadə ediblər. Çünki layihə faktiki olaraq Ukraynanın ərazi itkisinin rəsmiləşdirilməsi məqsədinə xidmət edir. Bu, eyni zamanda əsas bölgülərin ABŞ və Rusiya arasında aparılacağından xəbər verir”.

Ekspert əlavə edib ki, planın paradoksal məqamları çoxdur:

“Məsələn, Avropa layihənin hazırlanmasında iştirak etməsə də, sənəddə Avropanın təhlükəsizliyi məsələsi yer alır. Ukraynanın özü prosesdən kənarda olduğu halda onun təhlükəsizliyi və sülh zəmanətləri müzakirə olunur. Bu isə sual doğurur: Ukrayna iştirak etmədən ABŞ və Rusiya onun təhlükəsizliyinə necə zəmanət verə bilər? Üç illik ağır müharibə dövründə Ukraynanın əsas tərəfdaşı olan Avropa Birliyi prosesdən kənarda qalır. Planın bir digər məqamı ABŞ-nin müharibədən sonra həm Ukrayna, həm də Rusiya ilə münasibətlərinin çərçivəsini müəyyən etməsidir. Şübhəli məqamlar çoxdur. Bu səbəbdən düşünürəm ki, Trampın təklif etdiyi layihə nəinki uzunmüddətli sülhə, hətta yaxın perspektivdə atəşkəsə nail olmaq üçün də kifayət etmir”.

// Gülnarə Abasova, Editor.az

Seçilən
94
editor.az

1Mənbələr