AZ

İndoneziyalı ekspert: Jurnalistlər süni intellektdən asılı vəziyyətə düşə bilərlər

Bakı, 21 noyabr, AZƏRTAC

Bu gün süni intellektin ümumiləşdirmə, tərcümə və digər çoxlu sahələrdə mühüm bir platformaya çevrildiyini görürük. AI medianın işini sürətləndirir, məlumat axınını asanlaşdırır və jurnalistlərin gündəlik fəaliyyətini daha məhsuldar edir. Lakin bütün bunlarla yanaşı ciddi risklər də mövcuddur.

AZƏRTAC xəbər verir ki, bu sözləri D-8 Media Forumu çərçisində keçirilən “Məsuliyyətli jurnalistika və rəqəmsal innovasiya” mövzulu panel sessiyada İndoneziyadan gələn rəqəmsal biznes və media innovasiyası üzrə ekspert Ferdian deyib.

O qeyd edib ki, jurnalistlər süni intellekt əsaslı texnologiyalardan həddindən artıq asılı vəziyyətə düşə bilərlər. Bu isə peşəkar qərarvermənin, mənbəyi yoxlama mədəniyyətinin və redaksiya məsuliyyətinin zəifləməsinə səbəb ola bilər. “Süni intellekt bəzən həqiqi mənbələri şübhə altına ala və ya yanlış izahlar yarada bilər. Bu problem xüsusilə media sahəsində işləyənlərə daha aydın görünür, çünki onlar real məlumatın, faktların və etibarlı mənbələrin nə qədər vacib olduğunu dərindən bilirlər. Ancaq mühüm məsələ bu sahədə işləməyən geniş ictimaiyyətin düzgün məlumatlandırılmasıdır. Bu, hamımızın üzərinə düşən məsuliyyətdir. Media nümayəndələri, ekspertlər, dövlət qurumları və akademik dairələr birlikdə çalışaraq ictimaiyyət üçün maarifləndirici təlimlər, sadə izahlarla təqdim olunan məzmunlar və asan başa düşülən qaydalar hazırlamalıdır. İnsanlara süni intellektdən istifadə qaydaları, məlumatın doğruluğunu yoxlama üsulları və dezinformasiya ilə mübarizə üçün praktik metodlar izah edilməlidir”, - deyə indoneziyalı ekspert vurğulayıb.

Seçilən
60
azertag.az

1Mənbələr