AZ

Prezident İlham Əliyevin D-8 Media Forumuna ünvanladığı müraciət medianın gələcəyi ilə bağlı strateji sənəddir ŞƏRH

Bakı, 21 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin Bakıda keçirilən ilk D-8 Media Forumunun iştirakçılarına ünvanladığı müraciət həm təşkilatın gələcək fəaliyyət istiqamətlərini, həm də Azərbaycanın media siyasətindəki yeni prioritetlərini ortaya qoyan strateji sənəd xarakteri daşıyır. Bu müraciət yalnız diplomatik salamlama deyil, qlobal informasiya təhlükələri, regional əməkdaşlıq, media həmrəyliyi və D-8 ölkələrinin qarşılaşdığı çağırışlara dair konseptual yanaşma kimi də əhəmiyyətlidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurasının sədr müavini Vüqar Zifəroğlu söyləyib.

Onun sözlərinə görə, Azərbaycanın keçən il yekdilliklə D-8-in yeni üzvü seçilməsi və hazırda təşkilatın media sahəsində ilk geniş platformasına ev sahibliyi etməsi ölkəmizin artan nüfuzunun, yeni qlobal rolunun və regional informasiya siyasətində liderlik hədəflərinin olmasının əyani təzahürüdür. Bu baxımdan müraciət həm Azərbaycanın mövcud vəziyyətini, həm də gələcək istiqamətlərə dair baxışını əhatə edən siyasi mesajdır.

“Prezident İlham Əliyev müraciətinin ilk hissəsində Azərbaycanın D-8-də üzvlüyünün təsadüfi olmadığına xüsusi diqqət çəkir. Otuz ilə yaxın müddətdə ilk genişlənmənin məhz Azərbaycanla bağlı olması ölkənin beynəlxalq arenada qəbul olunan tərəfdaş kimi formalaşdığını göstərir. Dövlətimizin başçısının vurğuladığı kimi, D-8 ölkələrinin ümumi əhalisi 1,2 milyarda yaxındır və bu ölkələr ortaq dini-mədəni irsə, geniş enerji və iqtisadi potensiala sahibdirlər. Azərbaycan bu böyük platformaya daxil olmaqla yalnız iqtisadi üstünlüklər qazanmır, həm də müsəlman dünyasında öz mövqeyini gücləndirir. Digər mühüm hissə isə ölkəmizin son bir il ərzində D-8 çərçivəsində atdığı addımlardır. Prezidentin də qeyd etdiyi kimi, D-8 ölkələrinin QHT-lərinin ilk görüşü Bakıda keçirilib, eyni zamanda, “Yüksəksəviyyəli İqlim və Şəhərsalma Dialoqu” təşkil olunub, enerji, nəqliyyat və kommunikasiya sahələrində çoxşaxəli tərəfdaşlıqlar genişlənib. Bu təşəbbüslər Azərbaycanın təşkilatda passiv üzv deyil, strateji xətt müəyyən edən dövlət statusu ilə çıxış etdiyini göstərir. Xüsusilə COP29-un Azərbaycanda keçirilməsi fonunda ölkəmizin iqlim və dayanıqlılıq mövzularını D-8 gündəminə gətirməsi xüsusilə vurğulanmalıdır”, - deyə V.Zifəroğlu əlavə edib.

Mətbuat Şurası sədrinin müavini bildirib ki, Prezident İlham Əliyevin müraciətinin ən ciddi xəttini informasiya təhlükəsizliyi ilə bağlı hissə təşkil edir. Bu bölümdə Prezident dünyanın hazırkı media mühitində baş verən prosesləri aydın şəkildə təsvir edir. Dezinformasiya və saxta xəbərlərin artması, hibrid media təhdidləri, “deepfake”lər və süni intellektdən sui-istifadə, ölkələrin imicinə yönəlik məqsədli informasiya kampaniyaları dövrümüzün ən ciddi problemlərindəndir.

“Prezidentin müraciətinin əsas strateji mesajlarından biri D-8 ölkələrinin media qurumları arasında qarşılıqlı etimad, obyektiv informasiya mübadiləsi, birgə xəbər platformaları, media savadlılığının artırılması, jurnalistlər üçün təlim proqramları kimi əməkdaşlıq formatlarının yaradılması çağırışıdır. Bu, gələcəkdə D-8 məkanında ortaq media agentliyinin yaradılması və ya xəbərin vahid informasiya mərkəzindən koordinasiyalı də yayımlanması kimi ideyaların təməli ola bilər. Prezidentin “etibarlı əməkdaşlıq” vurğusu göstərir ki, o, media sahəsində qlobal güclərin dominantlığına alternativ olaraq D-8 ölkələrinin öz informasiya ekosistemini yaratmasını vacib hesab edir. Təsadüfi deyil ki, Azərbaycanda media islahatları da mühüm yer tutur - xüsusilə media strategiyasının beynəlxalq standartlara uyğunlaşdırılması, jurnalistlərin peşəkarlığının yüksəldilməsi, faktlara əsaslanan xəbərlərin təşviqi, media savadlılığı proqramlarının genişləndirilməsi. Müraciətdə də qeyd olunan bu məqamlar göstərir ki, Azərbaycan yalnız öz mediasını inkişaf etdirmək istəmir, həm də regionun media mərkəzlərindən birinə çevrilmək xəttini izləyir. D-8 Media Forumunun Bakıda keçirilməsi də bu yanaşmanın tərkib hissəsidir və ölkəni informasiya diplomatiyasında yeni mərhələyə çıxarır”, - deyə o vurğulayıb.

D-8 Media Forumunun Bakıda təşkil olunmasının geosiyasi əhəmiyyəti barədə danışan Vüqar Zifəroğlu bildirib ki, bu, Azərbaycanın Şərq–Qərb informasiya körpüsü rolunu, qlobal medianın diqqət mərkəzinə çevrilməsini, regionun informasiya təhlükəsizliyi gündəminin formalaşdırılmasında liderliyini yenidən təsdiqləyir. Azərbaycanın bu forum vasitəsilə həm İslam dünyasında, həm də geniş Avrasiya məkanında media koordinasiyasını gücləndirən aktora çevrilməsi artıq real perspektiv kimi görünür.

“Ümumilikdə isə Prezident İlham Əliyevin D-8 Media Forumuna müraciəti qlobal medianın transformasiyası, informasiya təhlükəsizliyi, regional həmrəylik və Azərbaycanın artan beynəlxalq rolunu əhatə edən strateji sənəd kimi qiymətləndirilə bilər. Prezidentin müraciəti öz mahiyyəti etibarilə bu günün media çağırışlarını düzgün oxuyan, gələcək əməkdaşlıq mexanizmlərini müəyyənləşdirən və D-8 platforması üçün yol xəritəsi təklif edən konseptual sənəddir. Bu Forum və onun ətrafında səslənən ideyalar, heç şübhəsiz, gələcək illərdə təşkilatın informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirəcək”, - deyə o diqqətə çatdırıb.

Seçilən
50
1
azertag.az

2Mənbələr