AZ

Afət Abbasova: Prezident Kitabxanasının yeni saytına müxtəlif ölkələrdən 120 min istifadəçi daxil olub

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 21 noyabr, AZƏRTAC

Prezident Kitabxanası müasir texnologiyalardan istifadə edərək virtual sərgilər, geniş elektron kitab bazası və tematik onlayn layihələr vasitəsilə istifadəçilərə dolğun və əlçatan informasiya təqdim edir. Kitabxananın yeni saytına müxtəlif ölkələrdən 120 min istifadəçi daxil olub ki, bu da kitabxana-informasiya xidmətlərinin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının 100 illik yubileyinə həsr olunmuş “Rəqəmsal dövrdə kitabxana-informasiya fəaliyyətində innovasiyalar: ənənəvi və elektron mənbələrin yaradılması və istifadəsi” adlı beynəlxalq elmi konfransda Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova deyib.

O diqqətə çatdırıb ki, Prezident Kitabxanası hazırda üç dildə – Azərbaycan, rus və ingilis dillərində 50 tammətnli elektron layihəni oxuculara təqdim edir. Rus və ingilis dillərində olan layihələrin ümumi baxış sayı artıq 25 mini ötüb. O, həmçinin xatırladıb ki, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində Prezident İlham Əliyevin çıxışından sonra kitabxanaların qarşısında mühüm vəzifələr qoyulub. Bu tapşırıqlardan irəli gələrək, Prezident Kitabxanası erməni və rus dillərində Sovet Ermənistanında mövcud olmuş Azərbaycan toponimlərini əks etdirən bir çox nəşr nümunələri əldə edib.

Professor Afət Abbasova, həmçinin müasir kitabxanaların fəaliyyətində rəqəmsallaşdırma, elektron xidmətlərin genişləndirilməsi, süni intellekt texnologiyalarının tətbiqi, gənclərin elmi fəaliyyətə cəlb olunması və beynəlxalq əməkdaşlıq kimi sahələrin əhəmiyyətini vurğulayıb. O, qeyd edib ki, bütün bu innovativ yanaşmaların əsas məqsədi bilik yaratmaq, bilik paylaşmaq və cəmiyyətin maariflənməsini təmin etməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
azertag.az

1Mənbələr