
1939-cu ilə aid “Supermen” komikslərinin ilk nüsxəsi Texas ştatının Dallas şəhərindəki “Heritage Auctions” hərrac evində rekord məbləğə - 9,12 milyon dollara satılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat hərrac evinin press-relizində öz əksini tapıb.
“Şimali Kaliforniyada bir ailənin çardağından tapılan 1939-cu ilə aid “Supermen” komiksinin ilk nömrəsi hazırda dünyanın ən bahalı komiksi rekorduna sahibdir”, - hərrac evinin press-relizində bildirilib.
Hərrac təşkilatçılarının fikrincə, yeni rekord lotun demək olar ki, mükəmməl vəziyyətdə olması ilə mümkün olub.
Nadir nüsxə köhnə qəzet yığını altında karton qutuda onilliklər keçirməsinə baxmayaraq salamat qalıb. Onu Şimali Kaliforniyadan olan üç qardaş mərhum analarının əşyaları arasında aşkar ediblər.
Hərrac evi komiksin bir vaxtlar cəmi 10 sentə alındığını qeyd edib.
Qeyd edək ki, əvvəlki rekord 2024-cü ildə 6 milyon dollara satılan “Action Comics”in ilk sayına məxsus olub.