AZ

Odessa şəhərində 8 Noyabr - Zəfər Günü ilə bağlı ağacəkmə aksiyası təşkil olunub

Odessa, 22 noyabr, AZƏRTAC

Noyabrın 22-də Ukraynanın Odessa şəhərində 8 Noyabr - Zəfər Günü ilə bağlı ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, 44 günlük müharibədə Azərbaycanın tarixi Zəfərinə həsr olunmuş tədbir “Birlik” Diaspor Təşkilatı və soydaşlarımız tərəfindən təşkil olunub.

Odessada salınması planlaşdırılan “Azərbaycan” parkında həyata keçirilən ağacəkmə aksiyasında Odessa şəhər merinin birinci müavini Aleksandr Filatov, meriyanın nümayəndələri, Odessanın ictimai-siyasi xadimləri, soydaşlarımız iştirak ediblər.

Aleksandr Filatov bildirib ki, Odessanın inkişafında, ətraf mühitinin qorunmasında şəhərdə yaşayan etnik azərbaycanlılar fəal iştirak edirlər. Onun sözlərinə görə, 300-dən artıq ağacın əkilməsi Odessa şəhərinin ətraf mühitinin qorunmasına öz töhfəsini verəcək.

“Birlik” Diaspor Təşkilatının İdarə heyətinin üzvü Ayaz Əliyev isə AZƏRTAC-a açıqlamasında bildirib ki, Odessa vilayətində 30 mindən çox azərbaycanlı yaşayır. “Müharibə şəraitinə baxmayaraq, soydaşlarımızın Odessa şəhəri və vilayətində aktiv fəaliyyətləri mövcuddur. Bugünkü aksiyamız Zəfərimizin 5 illiyinə həsr olunub. Həmçinin aksiya zamanı milli mətbəximiz də nümayiş olunub”, - deyə Ayaz Əliyev bildirib.

Qeyd edək ki, sahəsi 3 hektardan çox olacaq parkda Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən məlumat guşələri, muzey, uşaqlar və böyüklər üçün istirahət zonaları, idman sahələri, həmçinin “Azərbaycan” fotozonasının yaradılması nəzərdə tutulur. Şəhər ictimaiyyəti bu layihəni yüksək dəyərləndirir və parkın həm şəhər sakinləri, həm də turistlər üçün maraqlı məkan olacağına inanır.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Odessa

Seçilən
62
1
azertag.az

2Mənbələr