AZ

Zelenskiyə olan təzyiqlər vaxtilə Azərbaycana da edilib – Nə tez unutduq?

ABŞ prezidenti Donald Trampın alçaldıcı 28 bəndlik “sülh” planı təkcə Avropa və Ukrayna üçün deyil, həm də Azərbaycan kimi ölkələrin də sınağına çevrilib.

Çünki bu plan artıq 4 ilə yaxın dövrdə böyük fədakarlıqla işğalçı Rusiyaya qarşı mübarizə aparan Ukraynanın suverenliyini və ərazi bütövlüyünü risk altına atır, onu “kapitulyasiya”ya sürükləyir. Bu isə o deməkdir ki, beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməməsi prinsipi kobudcasına pozulur. Deməli, Avropanın, o cümlədən 5 il öncə öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan kimi ölkələrin də təhlükəsizlik maraqlarını təhdid edir. Çünki Ukraynanın işğalını başa çatdırandan sonra Kremlin Azərbaycanla “haqq-hesab” çəkəcəyi barədə Moskvadan gələn təhdidləri ara-sıra eşitməkdəyik.

Buna görə də, Azərbaycanın bəzi “şanlı” KİV-lərinin Ukrayna ilə bağlı xəbərlərə bu illər ərzində öz ölkəsinin maraqlarına sadiqliyini təkcə sözdə deyil, həm də əməldə nümayiş etdirən prezident Volodimir Zelenski əleyhinə əbləhcəsinə başlıq qoymaları yalnız Ramiz Mehdiyev kimi Azərbaycana hər an xəyanət etməyə hazır olan Rusiya nökərlərinə xidmət etmək deməkdir. “Zelenski qaçdı” yazmaq nə deməkdir? Ukrayna prezidenti heç müharibənin başladığı ən ağır günlərində nəinki ölkəni, heç bombardman edilən paytaxtı atıb qaçmadı. İndi ölkəsinin müdafiə sənayesinin gücləndiyi bir dövrdə hansısa alverçi və tamahkar Tramp kimilərinin planından qorxub qaçarmı? Təbii ki, yox. Çünki bilir ki, tramplar kimi onların “sülh” planları da gəldi-gedərdir, vətəni Ukrayna isə əbədidir.

Təsəvvür edirsinizmi, əgər müstəqil, azad, demokratik, xristian, Qərb dəyərlərinə sadiq olan Ukraynaya və onun xalq tərəfindən seçilmiş prezidentinə belə alçaldıcı şəkildə güclü təzyiqlər göstərilirsə, görün, bizim Azərbaycana və dövlət başçımıza hansı basqılar və təpkilər göstərilib.

Nə tez unutduq? Məgər Rusiyanın işğalçı siyasətindən əziyyət çəkən dövlətimizə trampsayağı “sülh” planları az təklif edilibmi? Barak Obamanın “Sürix protokolu” hoqqasını məgər unutmaq mümkündürmü?

O zaman Azərbaycanın qətiyyətli Prezidenti İlham Əliyev nə etdi? 2009-cu ildə amerikalı həmkarı Barak Obamanın hakimiyyəti dövründə İstanbul görüşünə getməkdən imtina etdi və Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması planına etiraz etdi. Torpaqlarımızın işğal altında olduğu bir dövrdə amerikalıların arqumentlərini heç eşitmək istəmədi. ABŞ dövlət katibi Hillari Klintonun Prezident İlham Əliyevin zəngi belə nəticəsiz qaldı.

Hətta Qarabağda Zəfər çaldıqdan sonra – 2023-cü ilin oktyabrında Azərbaycanın dövlət başçısı göstərilən təzyiqlərə baxmayaraq təklif olunan beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) Granada görüşündə iştirakdan imtina etdi. Çünki Fransa rəsmilərinin (müdafiə naziri, xarici işlər naziri və s.) ermənipərəst bəyanatları, XİN başçısının Ermənistana səfəri və hərbi əməkdaşlıq, silah-sursat veriləcəyi haqda açıqlamaları, Aİ Şurasının Prezidenti Şarl Mişelin Azərbaycanı ittiham edən bəyanatı fonunda həmin formatda danışıqlarda iştiraka lüzum görməmişdi.

Odur ki, indi Ukrayna xalqının və dövlət başçısının hansı ağır hisslər keçirdiyini bizdən yaxşı heç kim anlaya bilməz.

Hərçənd Ukrayna müharibəsi başlayandan sonra beynəlxalq hüquq normalarını xatırlayan (Qarabağ məsələsində unutmuşdular – red.) Avropada da anlayırlar ki, Trampın planı heç bir sülh gətirə bilməz. Xarici media həmin planı Avropa üçün fəlakət adlandırıb.

Sky News nəşrinin icmalçısı Dominik Vaqhornun fikrincə, ABŞ prezidentinin Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq təklifləri, mahiyyətcə, Kremlin tələbləri ilə səsləşir və Ukrayna ərazisinin güc yolu ilə ələ keçirilməsini qanuniləşdirir, müharibədən sonrakı fundamental sərhəd toxunulmazlığı prinsipini pozur, eyni zamanda ABŞ-nin Avropanın təhlükəsizlik təminatçısı kimi rolunu zəiflədir. “Avropa Ukraynanın təhlükəsizliyinə görə məsuliyyəti öz üzərinə götürməsə, bunun nəticələri bütün qitəyə təsir edə bilər. Ukraynanın təhlükəsizliyi indi tamamilə Avropanın işidir”, – müəllif yazır.

Bu arada Avropa İttifaqının diplomatik mənbələri Sky News-a bildiriblər ki, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts və İtaliyanın baş naziri Giorgia Meloni gələn həftənin çərşənbə axşamı Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşməyə hazırlaşırlar.

Yeri gəlmişkən, bu gün Kiyevdə Qolodomor qurbanlarının xatirəsinə həsr olunmuş tədbirdə xanımı ilə birlikdə iştirak edən Zelenski öz Telegram kanalında yazıb: “Biz Ukraynanı müdafiə etmişik, müdafiə edirik və həmişə müdafiə edəcəyik. Çünki bu, bizim yeganə evimizdir. Bizim evimizdə isə, Rusiya dəqiq ağa olmayacaq”.

Xatirə SADİQ

Seçilən
31
nocomment.az

1Mənbələr