
Bakıda "Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi" mövzusunda D-8 Media Forumu başlayıb.
Reyting.az xəbər verir ki, Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən təşkil edilən tədbirdə Azərbaycan, Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya və Türkiyədən olan media nümayəndələri, diplomatlar və digər şəxslər iştirak edirlər.
D-8 Media Forumu üzv dövlətlər arasında daha sıx əlaqələr qurmaq üçün müxtəlif regional və qlobal məsələlərə dair baxışların bölüşülməsi və ortaq D-8 kimliyini gücləndirən uğur hekayələrinin önə çıxarılması üçün bir platforma yaratmağı hədəfləyir. Forum həmçinin jurnalistləri və media rəhbərlərini bir araya gətirərək birgə layihələrə başlamaq, təcrübə mübadiləsi aparmaq və transsərhəd əməkdaşlığı genişləndirmək niyyətindədir.
Forum yüksək dəqiqlik və etik standartlara sadiqliyini qoruyacaq, medianı sosial həmrəyliyə, təhlükəsizliyə və iqtisadi inkişafa töhfə verən əsas vasitə kimi mövqeləndirəcək. İştirakçılar dezinformasiya ilə mübarizə üçün fakt-yoxlama tərəfdaşlıqları, media savadlılığı və xüsusilə rəqəmsal sahədə ən yaxşı təcrübələr üzrə kollektiv bilik mübadiləsi vasitəsilə koordinasiya olunmuş strategiyalar hazırlayacaqlar.
***
Bakıda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının "Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi" mövzusunda keçirilən Media Forumu başa çatıb.
Reyting.az xəbər verir ki, Forum Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən təşkil edilib.
D-8-in Baş katibi İsiaka Abdulqadir İmam bildirib ki, Azərbaycan D-8 Media Mükəmməllik Mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış edib və bu mərkəzi öz ərazisində yerləşdirməyə hazır olduğunu ifadə edib.
İdeya bütün spikerlər tərəfindən böyük həvəslə qarşılanıb - forum iştirakçıları media sahəsində əməkdaşlığı gücləndirmək və birgə layihələri inkişaf etdirmək istəyini vurğulayıblar.
Forumun işi "Məsuliyyətli jurnalistika və rəqəmsal innovasiya" və "Strateji kommunikasiya və böhranın idarə olunması" mövzularında iki panel müzakirəsi ilə davam edib.
Forumun yekununda D-8 çərçivəsində media sahəsində əməkdaşlığın genişləndirilməsi üzrə Bakı bəyannaməsi qəbul edilib.
Media Forumu D-8 üzv ölkələrinin aidiyyəti qurumlarının rəhbərlərini, aparıcı media şirkətlərinin nümayəndələrini, həmçinin sahənin yüksək səviyyəli ekspertlərini bir araya gətirib. İştirakçılar regional və beynəlxalq informasiya mübadiləsinin genişləndirilməsini, media əməkdaşlığının inkişafını, dezinformasiya ilə mübarizə üçün birgə mexanizmlərin yaradılmasını, rəqəmsal layihələrin həyata keçirilməsini və təcrübə mübadiləsini müzakirə ediblər.
Forumda 8 ölkədən və Təşkilatın Katibliyindən 71 xarici nümayəndə olmaqla, ümumilikdə 150-ə yaxın qonaq iştirak edib.
***
Bakıda keçirilən “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumunda üzv dövlətlər arasında media sahəsində birgə inkişaf və əməkdaşlıq ilə bağlı Bakı Bəyannaməsi imzalanıb.
Reyting.az bəyannamənin mətnini təqdim edir:
“Biz - İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) üzvlərinin - Azərbaycan Respublikasının, Banqladeş Xalq Respublikasının, Misir Ərəb Respublikasının, İndoneziya Respublikasının, İran İslam Respublikasının, Malayziyanın, Nigeriya Federativ Respublikasının, Pakistan İslam Respublikasının və Türkiyə Respublikasının hökumətləri və media nümayəndələri 2025-ci il noyabrın 21-də “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda keçirilən birinci D-8 Media Forumu üçün Azərbaycanın Bakı şəhərində görüşdük.
Biz D-8-in gücləndirilməsinə, onun daha dinamik, nüfuzlu iqtisadi blok kimi inkişaf etdirməyə yönəlmiş liderliyinə və dəyərli töhfələrinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.
Biz, həmçinin D-8-in bütün üzv dövlətlərinin, xüsusilə informasiya nazirliklərinin, milli media orqanlarının və media agentliklərinin Forumun işinə verdikləri fəal və dəyərli töhfələri yüksək qiymətləndiririk.
D-8-in prinsiplərini bir daha təsdiqləyərək və inkişaf edən qlobal media mühitində daha fəal əməkdaşlığın getdikcə artan əhəmiyyətini anlayaraq, aşağıdakıları bəyan edirik:
Qarşılıqlı anlaşmanı, regional həmrəyliyi və ortaq inkişaf məqsədlərini təşviq etmək üçün D-8-in üzv dövlətləri arasında media sahəsində əməkdaşlığı gücləndirməyə sadiqliyimizi bir daha vurğulayırıq.
D-8 Media Forumunun inklüzivliyi və ortaq məsuliyyəti təmin etmək üçün D-8 üzv dövlətləri tərəfindən təşkil olunan bir platforma kimi institutlaşdırılması təklifini qəbul edirik.
Bütün üzv dövlətlərin fəal iştirakı ilə təlim, tədqiqat, innovasiya, rəqəmsal bacarıqların inkişafı və əlaqələndirilmiş kommunikasiya təşəbbüsləri üçün Azərbaycan tərəfindən təşkil olunacaq D-8 Media Mükəmməlliyi Mərkəzinin ən tez zamanda fəaliyyətə başlamasına çağırış edirik.
D-8-in üzv dövlətlərdə institusional və insan resursları imkanlarını gücləndirmək üçün D-8 Media Mükəmməlliyi Mərkəzi vasitəsilə strukturlaşdırılmış potensialın artırılması proqramları, seminarlar və peşəkar mübadilələrin inkişaf etdirilməsi.
İnformasiya mübadiləsini möhkəmləndirmək, strategiyaları uyğunlaşdırmaq və birgə məzmunla bağlı təşəbbüsləri dəstəkləmək üçün milli media orqanları, xəbər agentlikləri və ictimai yayımçılar arasında əməkdaşlığın gücləndirilməsi.
Proqram mübadiləsi, birgə istehsal, həmçinin mədəniyyət və təhsil sahəsi ilə bağlı məzmunun paylaşılmasını asanlaşdırmaq üçün D-8 Ölkələrinin Yayım Assosiasiyasının yaradılması təşəbbüsünün nəzərə alınması.
D-8-in birgə istehsal və ölkələrarası məlumatların yayılması üçün D-8 rəqəmsal platformaların yaradılmasının təşviq edilməsi və bununla da qlobal miqyasda D-8-lə bağlı məlumatların ictimaiyyətə çatdırılmasının təmin olunması.
Paylaşılan fakt yoxlama mexanizmləri, ortaq yoxlama vasitələri və sürətli kommunikasiya kanalları vasitəsilə yanlış məlumatlandırma, dezinformasiya və nifrət nitqinə qarşı mübarizə aparmaq məqsədilə əlaqələndirilmiş səylərin təşviqi.
Zərərli rəqəmsal məzmuna və qarşıya çıxan risklərə qarşı kollektiv dayanıqlığın təmin edilməsi üçün beynəlxalq media təşkilatları, tədqiqat qurumları və qlobal kommunikasiya şəbəkələri ilə tərəfdaşlığın gücləndirilməsi.
Jurnalistikanın etik standartlarının təmin olunması və bütün media formatlarında peşəkarlığı, məsuliyyəti və dəqiqliyi özündə ehtiva edən vahid D-8 davranış kodeksinin hazırlanmasının dəstəklənməsi.
Üzv dövlətlərdə rəqəmsal baxımdan məlumatlı vətəndaşlığı və daha təhlükəsiz onlayn mühiti təşviq etmək məqsədilə xüsusilə gənclər və müəllimlər üçün media savadlılığı təşəbbüslərinin inkişaf etdirilməsi.
Media texnologiyalarında məsuliyyətli innovasiyanı, həmçinin məzmun yaradılması, yoxlanılması və idarə olunmasında süni intellektdən şəffaf və etik istifadənin təmin edilməsinin dəstəklənməsi.
Jurnalistika institutları və məktəbləri arasında əməkdaşlığın gücləndirilməsi, təqaüdlərin, akademik mübadilələrin və jurnalistlər üçün peşəkar inkişafın təşviq edilməsi.
D-8 Media Mükəmməlliyi Mərkəzinin Azərbaycandakı rəhbərliyi ilə sıx əməkdaşlıq etməyə hazır olduğumuzu bildirir və onun səmərəli fəaliyyətini dəstəkləmək, ortaq prioritetlərin həyata keçirilməsinə dəstək vermək və D-8-in bütün üzv dövlətlərində media sahəsində əməkdaşlığın gücləndirilməsini inkişaf etdirmək üçün kollektiv öhdəliyimizi bir daha vurğulayırıq.
Biz inanırıq ki, bu Bəyannamənin səmərəli şəkildə həyata keçirilməsi daha sıx qarşılıqlı əlaqəli, məlumatlandırılmış və davamlı D-8 media məkanına töhfə verəcək, bu da ölkələrimiz arasında sülhü, inkişafı və qarşılıqlı anlaşmanı dəstəkləyəcək.
İlk dəfə təşkil olunan D-8 Media Forumunun uğurla keçirilməsi üçün yüksək səviyyədə həyata keçirilən tədbirlərə görə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə minnətdarlığımızı bildiririk.
Bəyannamə 2025-ci il noyabrın 21-də Azərbaycan Respublikasının Bakı şəhərində qəbul edilib”.