AZ

Azərbaycan, Türkiyə, BƏƏ… İran ətrafında müasir hava gücləri artır - "Forbes"dən SENSASİON YAZI

İyunda baş verən 12 günlük müharibədə İranın köhnəlmiş hava qüvvələri İsrailin qarşısında demək olar ki, aciz qaldı. Daha yaxın qonşular isə artıq daha müasir qırıcı təyyarələrlə silahlanmış hava qüvvələri formalaşdırıb və ya formalaşdırmaqda davam edir ki, bu da Tehran üçün hava gücünü təcili modernləşdirməyin vacibliyini göstərir.

Musavat.com xəbər verir ki, bu barədə "Forbes" nəşri yazıb.

Nəşrin yazdığına görə, Azərbaycan 8 noyabrda keçirilən hərbi paradda Pakistandan bu yaxınlarda əldə etdiyi yeni "JF-17C Block III" qırıcı təyyarələrini nümayiş etdirdi. Bakı 40 ədəd bu müasir qırıcını sifariş edib. Qırıcılar elektron skanlı AESA radarları və digər qabaqcıl imkanlarla təchiz olunub. Həmçinin, "JF-17" PL-15E uzaqmənzilli hava-hava raketlərini atmaq qabiliyyətinə malikdir. Qeyd edək ki, Pakistan may ayında bu raketlə Hindistanın Fransız istehsalı "Rafale" təyyarələrindən ən azı birini vurub.

İranın ən müasir qırıcıları isə hələ də 1970-ci illərdə alınmış Amerika istehsalı F-14A "Tomcat"lardır. 1979-cu il inqilabına qədər Tehran 79 ədəd F-14A alıb və bu gün də bir neçəsi aktivdir. Həmin dövr üçün qabaqcıl sayılan F-14 AWG-9 radar və AIM-54 "Phoenix" raketi ilə vizual məsafədən kənar döyüşdə inqilab yaratmışdı. AIM-54 100 mil məsafədə hədəfi vurmaq qabiliyyətinə malikdir. İran bu raketdən törəmə olan Fakour-90-u istehsal edib, lakin həm AIM-54, həm də Fakour-90 PL-15E-nin təxminən 120 mil məsafəsini təmin edə bilmir.

Türkiyə isə 44 ədəd "Eurofighter Typhoon" (Tranche 3A və Tranche 4) alıb və bu qırıcılar üçün 120 mildən çox mənzilə malik "Meteor" raketlərini də əldə edəcək. Ankara yaxın gələcəkdə 40 ədəd beşinci nəsil "F-35" stealth qırıcısı almağı planlaşdırır və eyni zamanda yerli stealth qırıcısı TF "Kaan"ı inkişaf etdirir.

Səudiyyə Ərəbistanı 48 "F-35" qırıcısı almaq istəyir. ABŞ rəsmiləri narahatdır ki, bu stealth təyyarələr Çin casusluğu üçün risk yarada bilər. İsrail isə satışın Səudiyyə ilə normallaşmaya şərtli olmasını istəyir. Yaxın gələcəkdə satış mümkündürsə, F-35-lərin alınması Səudiyyənin artıq güclü hava qüvvəsini daha da gücləndirəcək.

Qatar son on ildə təxminən 100 ədəd 4.5 nəsil qırıcı təyyarədən ibarət hava qüvvəsi formalaşdırıb – "Eurofighter", "Rafale" və F-15QA. BƏƏ isə 2000-ci illərdə ABŞ Hərbi Hava Qüvvələrindən daha müasir "F-16"lar alıb. 2021-ci ilin sonunda Abu Dabi Fransadan 80 ədəd "Rafale" F4 qırıcısı sifariş edib, bunlar "Meteor" raketləri və digər qabaqcıl silahlarla təchiz olunacaq.

Digər qonşular arasında Əfqanıstan və Türkmənistan hava qüvvələri zəif olduğu üçün Tehrana təhlükə yaratmır. Ermənistan isə yalnız Su-25 və dörd Su-30SM qırıcısına malikdir. İraq 34 F-16IQ qırıcı ilə silahlanıb, lakin onlarda texniki problemlər mövcuddur.

Pakistan isə JF-17-lərdən əlavə 36 ədəd Çin istehsalı Chengdu J-10C “Vigorous Dragon” qırıcıları alıb. Bu təyyarələr PL-15 raketləri ilə təchiz olunub və may ayında Hindistan "Rafale"sini vurub. Pakistanın gələcəkdə Çin istehsalı beşinci nəsil J-35 stealth qırıcısı alacağı da gözlənilir, amma bu, 2030-cu illərə qədər reallaşa bilər.

Rusiya müdafiə sənədlərinə görə, İran 48 Su-35 Flanker qırıcısı sifariş edib (5-6 milyard avro dəyərində). Lakin bu, Fars körfəzində və ya İsrailin hava qüvvələrinə nisbətən güc balansını ciddi dəyişməyəcək. 48 Su-35, Tehranın hava qüvvələrinin tamamilə geri qalmasının qarşısını almaq üçün minimal zərurətdir.

Musavat.com

Seçilən
11
1
musavat.com

2Mənbələr