
“Titanik”in ən zəngin sərnişinlərindən birinə məxsus saat hərracda rekord qiymətə satılıb.
Yeniavaz.com BBC-yə istinadla xəbər verir ki, 1,78 milyon funt-sterlinqə (təxminən 4 milyon manat) satılan qızıl cib saatı Bavariya əsilli amerikalı iş adamı, siyasətçi İsidor Strausa məxsus olub.
Straus və həyat yoldaşı İda 1912-ci il aprelin 14-də Sauthemptondan yola düşən və Nyu-Yorka gedən gəminin göyərtəsində olublar. Gəminin aysberqlə toqquşması və batması nəticəsində onlarla birlikdə 1500-dən çox insan ölüb.

İsidor Strausun cəsədi fəlakətdən bir neçə gün sonra Atlantik okeanından çıxarılıb və onun əşyaları arasında 18 əyar qızıldan düzəldilmiş “Jules Jurgensen” cib saatı da olub.
