İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bugünkü mətbuat konfransında Vaşinqtonun diplomatik proseslərə yanaşmasını kəskin tənqid edib.
Musavat.com-un məlumatına görə o bildirib ki, bölgədəki gərginliyi azaltmaq üçün əsas problem vasitəçilik mexanizmləri və ya danışıqlar formatı deyil- ABŞ-ın danışıqlara yanlış və qeyri-konstruktiv yanaşmasıdır.
Bəqayinin sözlərinə görə, Vaşinqton hazırda real diplomatiyaya deyil, “təzyiq və diktəyə əsaslanan siyasətə” üstünlük verir:
“Məsələnin mərkəzində vasitəçilik yox, ABŞ-nin danışıqlara yanaşması dayanır. Vaşinqton kifayət qədər ciddi deyil və diplomatik prinsiplərlə deyil, tətbiq və diktə siyasəti ilə hərəkət edir".
O vurğulayıb ki, ABŞ bu mövqedə israr etdiyi müddətcə “mənalı danışıqların aparılması mümkünsüzdür”.
İranlı sözçü həmçinin Səudiyyə Ərəbistanı ilə münasibətlərin müsbət xəttdə olduğunu, bölgədə gərginliyin azaldılması üçün Ər-Riyadın və region ölkələrinin səylərini yüksək qiymətləndirdiklərini bildirib.
Rəsmi Tehranın mövqeyinə görə, hazırkı vəziyyətdə əsas maneə nə tərəflər arasındakı platforma, nə də vasitəçilərin sayı deyil- ABŞ-ın mövcud siyasəti danışıqların irəliləməsinə imkan vermir.
Tasnim News-un məlumatına əsasən, İran gələcək diplomatik proseslərdə konstruktiv mövqe tutmağa hazır olduğunu, lakin Vaşinqtonun indiki istiqamətləşməsinin dialoqu “başlanmaz vəziyyətə” saldığını düşünür.
Musavat.com