AZ

Biləsuvarda 5-ci Hind Quşu Festivalı keçirildi - FOTO

BİLƏSUVAR, 23 noyabr. TELEQRAF

Biləsuvarda sayca 5-ci Hind Quşu Festivalı keçirilib. Rəngarəngliyi, qonaq axını və müxtəlif müsabiqələri ilə seçilən tədbir minlərlə insanın marağına səbəb olub.

Teleqraf-ın cənub bürosu xəbər verir ki, festival çərçivəsində əl işlərindən hazırlanmış suvenirlər, Hind Quşundan bişirilmiş müxtəlif təamlar, Çin və Özbək mətbəxindən nümunələr, eləcə də amerikansayağı Hind quşu ləvəngisi təqdim edilib.

Qonaqlar həm dadlı yeməklərdən dadıb, həm də yerli kənd təsərrüfatı məhsullarını əldə etmək imkanı qazanıblar.

Tədbirdə müxtəlif bölgələrdən gələn sənətkarlar və həvəskar aşpazlar öz əl işlərini və mətbəx nümunələrini nümayiş etdiriblər. Festivalda milli-mənəvi dəyərləri əks etdirən mərasimlər və geniş satış-yarmarkası da təşkil olunub.

Artıq 5 ildir keçirilən Hind Quşu Festivalı Biləsuvarın turizm potensialını tanıtmaqla yanaşı, bölgənin ən çox gözlənilən ənənəvi tədbirlərindən birinə çevrilib.

Seçilən
42
teleqraf.com

1Mənbələr