ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Biləsuvar, 23 noyabr, İlkin Adıyev, AZƏRTAC
Biləsuvar rayon Mərkəzi Parkında Biləsuvar Rayon İcra Hakimiyyətinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Turizm Agentliyinin, Aqrar İnnovasiya Mərkəzinin, Şirvan-Salyan və Lənkəran Regional Mədəniyyət idarələrinin birgə təşkilatçılığı ilə rayonda quşçuluğun inkişafına dəstək və turizmin inkişafına maraq baxımından böyük əhəmiyyət daşıyan 5-ci “Hind quşu festivalı” keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, artıq ənənəyə çevrilmiş festivalda rəsmi qurumların nümayəndələri, fermerlər, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar, tanınmış aşpazlar, media təmsilçiləri, yerli sakinlər və xarici qonaqlar iştirak ediblər.
Festivalda çıxış edənlər tədbirin əhəmiyyəti barədə danışaraq, onun regionda turizmin inkişafında, milli adət-ənənələrimizin təbliğində, xalqımızın mədəni irsinin cəmiyyətə daha dolğun şəkildə çatdırılmasında mühüm rol oynadığını və kənd təsərrüfatının sahəsi olan quşçuluğun təşviqinə verdiyi töhfələri qeyd ediblər. Vurğulanıb ki, tədbir həm bölgənin iqtisadi potensialının tanıdılması, həm də milli mətbəxin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.
Festival çərçivəsində hind quşundan hazırlanmış müxtəlif növ milli təamlar qonaqlara təqdim olunaraq, ən yüksək keyfiyyətlə hazırlanmış yemək nümunələrinin aşpazları xüsusi mükafatlarla təltif edilib. Tədbirdə Çin, özbək mətbəxindən nümunələr nümayiş etdirilib və Amerikansayağı hind quşu ləvəngisi təqdim olunub.
Bundan əlavə, festivalda yerli kənd məhsullarından ibarət satış yarmarkası və kənd həyatını əks etdirən guşə fəaliyyət göstərib.
Festivalda milli-mənəvi dəyərlərimizi əks etdirən toy adətləri və xına mərasimi də təşkil olunub.
Bununla yanaşı, müxtəlif əyləncəli tədbirlər, idman oyunları (Darts, Nərd,Tir atıcılığı və oxatma) keçirilib, kəndirbazlar və pəhləvanlar məharətlərini göstərib, əl işlərindən ibarət sərgilər və rəsm əsərləri nümayiş etdirilib.
Tədbirdə kələğayı hazırlanması ilə əlaqədar ustad dərsi keçirilib, Basqal şirniyyatları və kəlağayı stendləri də sərgilənib. Fotosərgi (Cənub bölgəsinin ekoturizminə dair), sənətkarların əl işləri və həsrçilik, rəqs nömrələri nümayiş olunub, milli və xarici musiqilər səsləndirilib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.