Basketbol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası AÇ-2029-un ilkin seçmə mərhələ oyunlarına hazırlığını davam etdirir. 

Offsideplus.az xəbər verir ki, yığmamız 17 noyabrdan etibarən Bakıda təlim-məşq toplanışına start verib. Sabah - 24 noyabrda milli komandanın mediaya açıq məşqi baş tutacaq. 

Baş məşqçi Tahir Baxşıyev yığmaya Amil Həmzəyev, Şirzad Şirzadov, Elşad Şirzadov, Əkbər Məmmədov, Kamran Məmmədov, Tariyel Yusifzadə, Ramazan Qarayev, Hüseyn Qaflanov, Saadettin Donat, Cəbrayıl Əkbərov, Ulaş Turqut, Emmanuel Aqbason, İmayıl Abdullayev, Derin Berkoz, Hüseyn Məmmədov, Ercan Donat, Məhəmməd Hüseynli, Səid İsmayılov, Rəşid Abbasov, Endər Poladxanlını dəvət edib. Millimizin yeni üzvü Vesli Van Bek isə millinin heyətinə Şimali Makedoniyada qoşulacaq. Hazırlıq prosesinin yekununda məşqçilər korpusu tərəfindən 12 nəfər basketboluçu millinin əsas heyətinə cəlb olunacaq.

Xatırladaq ki, yığmamız 27 noyabr Bakı vaxtı ilə saat 22:00-da səfərdə Şimali Makedoniya, 30 noyabr saat 18:00-da Bakıda Lüksemburq yığması ilə üz-üzə gələcək.