AZ

Depozitlərin yarıdan çoxu valyutada — Xalq Bank valyuta riskini niyə bu qədər artırıb?

Xalq Bankın 14 oktyabr 2025-ci il tarixinə açıqladığı balans hesabatı bankın aktiv və öhdəliklərinin strukturunda bir sıra riskli məqamları üzə çıxarıb.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, rəsmi sənəddə göstərilən rəqəmlər bankın maliyyə dayanıqlığının bir neçə əsas istiqamətdə təzyiq altında olduğunu göstərir.

Depozitlərin yarıdan çoxu — valyutada

Hesabata əsasən, fiziki və hüquqi şəxslərin bankdakı depozitlərinin ümumi həcmi 1 milyard 842 milyon manat təşkil edir. Bunun 967 milyon manatı, yəni 52%-dən çoxu xarici valyutadadır. Bu göstərici bankın valyuta risklərinə yüksək dərəcədə məruz qaldığını göstərir. Manatın ucuzlaşması halında bankın öhdəlik yükü kəskin artmış olacaq.

Öhdəliklərin yüksək payı – aktivlərin 85%-i borclar hesabınadır

Xalq Bankın ümumi aktivləri 3 milyard 630 milyon manat olduğu halda, öhdəlikləri 3 milyard 96 milyon manatdır. Bu isə o deməkdir ki, aktivlərin 85%-i depozitlər və digər borc mənbələri hesabına formalaşıb. Bu səviyyə sektor üzrə risk həddinə yaxın göstərici kimi qiymətləndirilir.

Dövlət qurumlarının depozitləri – 725 milyon manat

Balansda diqqət çəkən başqa məqam dövlət qurumlarının bankdakı depozitlərinin məbləğidir. Rəqəmlər göstərir ki, dövlət təşkilatlarının Xalq Bankda saxladığı vəsait 725 milyon manat təşkil edir. Bu isə bankın likvidliyinin dövlət qurumlarının qərarlarından ciddi qaydada asılı vəziyyətdə olduğunu göstərir. Belə iri məbləğin geri çağırılması likvidlik təzyiqi yarada bilər.

Xaricdəki Nostro hesablarında anormal yüksək məbləğ

Bankın başqa ölkələrdəki müxbir hesablarında (Nostro hesabları) saxladığı vəsaitlərin həcmi 405,7 milyon manatdır. Bu rəqəm Azərbaycan bank sektorunda nadir görünən dərəcədə yüksək göstəricidir. Bu həm vəsaitlərin ölkə xaricinə kütləvi şəkildə yönləndirildiyini, həm də likvidlik idarəetməsində qeyri-effektivlik ehtimalını artırır.

Kredit portfelində valyuta riski

Müştərilərə verilmiş kreditlərin ümumi məbləği 1 milyard 823 milyon manat olsa da, bunun 407 milyon manatı xarici valyutadadır. Kreditlər üzrə məqsədli ehtiyatların 45,9 milyon manat olması isə xarici valyuta kreditlərinin potensial itkilərinə nisbətdə aşağı hesab edilir.

Açıqlanan rəqəmlər bankın III rüb üzrə balansında risk faktorlarının artdığını göstərir.

Qarşı tərəfin mövqeyini öyrənmək üçün sorğu göndərilib.

Xatırladaq ki, bank bir neçə gün öncə suni intellektlə yaradılan səhv Azərbaycan bayrağına görə, gündəm olub, tənqidlərə məruz qalmışdı

32gun.az onu da xatırladır ki, bankın idarə heyətinin sədri Məcidov Kamran Nazim oğlu, Müşahidə Şurasının sədri Məmmədli Asim Mahmud oğludur.

Xalq bank”ın nizamnamə kapitalı 420000 AZN, qanuni təmsilçisi Fərəc Axundov Tahir Oğludur.

Fərəc Tahir oğlu Axundov həm də Xəzinədarlıq İdarəsinin rəisidir.

Seçilən
55
1
nocomment.az

2Mənbələr