
Xəbər verildiyi kimi, Yasamalda bina yanğınında jurnalist Heydər Mirzə də zərər çəkib. O, hadisə baş verən anları özünün sosial şəbəkə hesabında paylaşıb.
2020-də çox şey gördük. Amma anidən ölüm fərqli, hər nəfəsin səni ölümə aparması isə fərqli şeydir. 5-ci mərtəbədən geri 12-yə o yol… Mən bilmirəm necə sağ qaldım. Samirin qapısı Mehman bəyin qapısından sonra pilləkənə ən yaxın olan qapı idi. Mənim qapım isə ən uzaq olan idi. Bütün məntiqlə mən sağ qalmamalı idim.
Qaranlıq və tüstüdə (tüstü demək olarsa ona, zəhərdir) 11-ci mərtəbəni 12 bilib yarısına kimi gedib təzdən qayıdanda beynimdə artıq özümlə sağollaşdım. Çünki nəfəs almalı idim, baş işləmirdi artıq, zəhəri içəriyə alıb hər nəfəsdə bir qədər də gic olurdum.
Orada dostum Emili və bizimlə aşağı qaçan Mahmudovlar ailəsini itirdim. Birtəhər qayıtdım yolu, qalxdım 12-yə. İki dəfə yıxıldım, artıq ciyərim partlayırdı. Qaranlıqda əlimi atdım paradnıdakı divana. Sonra şkafa. Son cəhddə çatdım qapıya (şükür ki, açarla bağlamamışdım). Yıxıldım dəhlizə və qapını örtdüm.
Ağzımdan qara bəlğəm gəldi. Öz özümə deyirəm Emil öldü… Süleymangil öldü… 30 saniyə sonra qapı açıldı və dəhlizə Emil yıxıldı. Eyni cür qara bəlğəm.
Sonrasını danışmaq çox çətindir, çünki ölənlər bizim mərtəbədə və ya yaxın öldülər anladığım qədər. Neçə dəfə qapını açsam da, heçkəsi çıxara bilmədik. Qapının arxasına bir addım ölüm demək idi. Səslər gəlirdi… Hardasa 10 metrdə, amma o məsafəni keçmək artıq mümkün deyildi.
Təxliyə zamanı Mahmudovları sağ görəndə sevindim… Amma çox çəkmədi, çox tez bildik ki ölənlər var…