AZ

Ağstafada “Suverenlik zirvəsi” adlı intellektual bilik yarışı keçirilmişdir    

Ağstafada “Konstitusiya və  Suverenlik İli” ili çərçivəsində  Qazax-Tovuz  Regional Təhsil İdarəsinin Ağstafa rayonu üzrə Təhsil Sektoru və “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun birgə təşkilatçılığı ilə “Suverenlik zirvəsi” adlı intellektual bilik yarışması keçirilmişdir.

Ölkəmizin ərazi bütövlüyü, suverenliyi və konstitusion dəyərləri haqqında biliklərin artırılması, işğaldan azad olunmuş  ərazilərimizin tarixi irsinin tanıdılması, regionun milli-mədəni dəyərlərinə marağın yüksəldilməsi məqsədilə keçirilən yarışda rayonun 31 ümumtəhsil məktəbinin müəllimləri iştirak etmişlər.

İştirakçılar əvvəlcə qoruq ərazisindən aşkarlanmış maddi-mədəniyyət nümunələrindən və qoruğa məxsus çap məhsullarından  ibarət  sərgi ilə tanış olmuşlar. Sonra rayon icra hakimiyyətinin başçısı Seymur Orucov çıxış edərək Azərbaycanın suveren dövlət kimi inkişaf yolundan, eləcə də siyasi sabitliyin qorunması və hüquqi dövlət quruculuğu yolunda Prezident İlham Əliyevin  apardığı məqsədyönlü işlərdən danışmışdır.

Bilik yarışmasında komandalar Azərbaycan Respublikasının Konstitusiyası, işğaldan azad edilmiş rayonlarda yerləşən abidələr və suverenliyə həsr olunmuş sualları cavablandırmışlar. Yekunda Vətən Müharibəsi Qəhrəmanı Azər Yusifli adına Böyük Kəsik tam orta məktəbin “Zəngilan” komandası 1-ci, Poylu kənd tam orta məktəbin “Qarabağ” komandası 2-ci, Poylu qəsəbə tam orta məktəbin “Qızıl Hacılı” komandası 3-cü yerlərə layiq görülmüşlər.

Sabir ƏLİYEV,

“Azərbaycan”

 

Seçilən
107
azerbaijan-news.az

1Mənbələr