AZ

Bakıda AFEN Plazada partlayış: Məsuliyyəti kim daşıyır? 

Bu gün səhər Bakıda AFEN Plazada baş verən partlayış obyektin rəhbərliyinin açıqlamasına görə, təmir işləri zamanı qaz xəttinin zədələnməsi nəticəsində meydana gəlib.

“Hesab edirlər ki, hadisə qazsızmasından baş verib. Amma bu binada qaz yoxdur”. Bunu “AFEN Plaza”nın sahibi Əbülfət Əliyev deyib.

Plaza sahibi iddia edir ki, binanın qarşısına yeni salınan yolda çəkilən qaz xəttində zədələnmə olub. Bunun nəticəsində də binaya qaz sızıb.

Qeyd edilir ki, qaz sızması binaya dolduqdan sonra partlayış baş verib və nəticədə ətrafda ciddi ziyan yaranıb. Hadisə şəhər infrastrukturuna nəzarət, təmir işlərinin təhlükəsizliyi və qaz xətlərinin istismarı ilə bağlı bir sıra vacib sualları gündəmə gətirib.

Təhlükəsizlik üzrə ekspert, mühəndis Rəşad Məmmədov NOCOMMENT.az-a bildirib ki, şəhər daxilindəki qaz xətləri bir neçə mərhələdə tikilir və onların təhlükəsiz istismarı üçün həm layihələndirmə, həm də icra və nəzarət prosesləri ciddi şəkildə koordinasiya edilməlidir.

“Belə obyektlərdə qaz xətlərinin marşrutu, dərinliyi və qoruyucu zonaları əvvəlcədən müəyyən edilməli, təmir və tikinti işlərini aparan şirkətlər bu göstəricilərə əməl etməlidir. Mexaniki zədələnmə, nasaz avadanlıq və ya qeyri-peşəkar montaj qaz sızmalarına və partlayış riskinə səbəb ola bilər. Xüsusilə qapalı məkanlarda qaz yığılması kiçik bir qığılcımın belə partlayışa yol açmasına səbəb ola bilər,” – deyə ekspert əlavə edib.

Qeyd edək ki, AFEN Plazada 2017-ci ildə də yanğın hadisəsi baş vermişdi. Hadisənin arasında birbaşa əlaqə olmasa da, obyekt üçün risk faktorunun yüksək olduğunu göstərir.

Rəşad Məmmədov bildirib ki, çoxmərtəbəli ticarət və ofis binalarında yanğın, qaz və elektrik sistemlərinin koordinasiyalı işləməsi həyati əhəmiyyət daşıyır:

“Dövri təhlükəsizlik auditləri, sızma sensorlarının işlək vəziyyətdə olması, fövqəladə çıxış yollarının açıq saxlanması və təmir işlərinin yalnız sertifikatlı mütəxəssislər tərəfindən aparılması mütləqdir. Əks halda, kiçik texniki nasazlıq belə genişmiqyaslı fəsadlara səbəb ola bilər.”

Hüquqşünas Elçin Əliyev məsələ ilə bağlı NOCOMMENT.az-a bildirib ki, belə hadisələrdə məsuliyyət üç istiqamətdə qiymətləndirilir:

Mülki məsuliyyət – zərərçəkmişlərə kompensasiya, obyektə və ətraf mühitə vurulan ziyan üzrə ödəniş; cinayət məsuliyyəti – təhlükəsizlik qaydalarının kobud şəkildə pozulması və səhlənkarlıq nəticəsində baş verən fəsadlarda; inzibati məsuliyyət – normativlərin pozulması hallarında. Təmir işlərini aparan şirkət, obyekt sahibi və qaz təchizatına nəzarət edən qurum arasında məsuliyyət bölgüsü hadisənin səbəbləri dəqiqləşdirildikdən sonra hüquqi prosedurlar çərçivəsində müəyyən edilir.”

“AzəriQaz” İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev NOCOMMENT.az-a bildirib ki, hazırda hadisə ilə bağlı istintaq gedir:

“Hər hansı bir açıqlama istintaqın gedişinə mane ola bilər. Bu baxımdan istintaqın yekun qərarını gözləmək ən doğru yanaşma olar.”

Seçilən
51
nocomment.az

1Mənbələr