Trampın 28 maddəlik “sülh planı” münaqişə tərəflərinin heç birinə mütləq üstünlük vermir.
Ukrayna üçün ən ağrılı məsələ ərazi güzəştləridir. Plana görə,
- Krım, Donetsk və Luqansk de-fakto Rusiyanın tərkibində tanınır;
- Xerson və Zaporojye vilayətlərində cəbhə xətti “dondurulmuş” vəziyyətdə qalır;
- Rusiya beş bölgədən kənarda işğal etdiyi ərazilərdən imtina edir;
- Donetskin bir hissəsi neytral, demilitarizasiya olunmuş zona kimi tanınır.
Lakin sənəddə Ukraynanın suverenliyi təsdiqlənir. Bu, o deməkdir ki, Rusiyanın xeyrinə olacaq ərazi güzəştləri müvəqqəti xarakter daşıyır. Hərçənd, davamında Ukraynanın ərazilərini güc yolu ilə qaytarmaq perspektivləri də sual altına düşür. Çünki sənəddə qeyd olunur ki, “Ukrayna və Rusiya razılaşdırılmış sərhədləri güc yolu ilə dəyişməyəcəklərinə dair öhdəlik götürəcəklər”.
Münaqişə dondurulur və gələcəkdə həlli üçün güc tətbiqi variantını həm Ukrayna, həm Rusiya üçün sıradan çıxarır.