AZ

Sosial şəbəkələrdə yaş məhdudiyyəti olmalıdırmı? – Deputatdan ciddi xəbərdarlıq

Müasir dövrdə sosial şəbəkələr insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Lakin bu platformalarda yayılan təhqirlər, zorakılıq və mənfi davranışlar xüsusilə həssas qruplar üçün ciddi psixoloji fəsadlara səbəb olur. Xüsusilə azyaşlıların sosial şəbəkələrdən nəzarətsiz şəkildə istifadə etməsi onların təhlükəli məzmunla qarşılaşma riskini artırır və həm emosional, həm də sosial inkişaflarına mənfi təsir göstərə bilər. Bəs sosial şəbəkələrə yaş məhdudiyyəti qoyula bilərmi? 

Mövzu ilə bağlı Missiya.Az-a danışan deputat Tahir Rzayev bildirib ki, sosial şəbəkələrdə insanların şəxsi həyatına müdaxilə, şəxsiyyətin təhqir edilməsi, hər hansı bir kəs haqqında yalan və böhtan xarakterli məlumatların yayılması yolverilməzdir:

"Bu, insanların konstitusion hüquqlarının pozulmasıdır və şəxsiyyətin, eləcə də onun ailəsinin həyatına müdaxilə kimi qiymətləndirilir. Təəssüf ki, son illərdə bu normalara çox vaxt əməl olunmur. İnsanlar bir çox hallarda heç bir əsas olmadan böhtana və təhqirə məruz qalır, hətta onların ailə həyatına toxunulur. Bu isə Azərbaycan Konstitusiyasının 32-ci maddəsinə zidd olmaqla, Cinayət Məcəlləsinin 147–148-ci maddələrinə əsasən cinayət əməli sayılır və müəyyən məsuliyyət yaradır".

Deputat qeyd edib ki, sosial şəbəkələrdə yayılan böhtan və yalan xarakterli məlumatları azyaşlı uşaqlar da görür və oxuyurlar:

"Onlar çox vaxt yalnız belə məlumatlara deyil, həm də milli-mənəvi dəyərlərimizə zidd olan informasiyalara məruz qalırlar. Bu hallar gənclərdə aqressivlik yaradır, onları mənfi təsirlərə məruz qoyur və psixoloji sarsıntılara səbəb olur.

Azyaşlıların sosial şəbəkələrdə dəyərlərimizə yad olan məlumatlara aludə olmamaları üçün valideynlər diqqətli olmalıdırlar. Nəinki böhtan xarakterli məlumatların, həmçinin xoşagəlməz informasiyaların və şəkillərin sosial şəbəkələrdə yayılmasına yol verilməməlidir. Bu, uşaqların mənəviyyatına mənfi təsir göstərən amildir.

Əlbəttə, sosial şəbəkələrin fəaliyyətini tam məhdudlaşdırmaq və bunu hər hansı qanunla tam şəkildə nizamlamaq mümkün deyil. Ancaq valideynlər və ictimaiyyət belə hallara qarşı mübariz olmalı və məsuliyyətli davranmalıdır".

Seyranə QuliyevaMissiya.Az

Seçilən
25
missiya.az

1Mənbələr