ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Qarabağa qayıdış prosesi özünün ən həssas və tarixi mərhələsinə qədəm qoyub. Artıq söhbət təkcə azad edilmiş ərazilərə qayıdışdan deyil, Xocalı və Xankəndi kimi şəhərlərə köçün başlanmasından gedir. Qısa zaman ərzində şəhərlər yenidən qurulur, yollar salınır, müasir infrastruktur yaradılır. Minlərlə insan 30 illik həsrətin ardından doğma torpaqlarında həyatını yenidən qurmağa başlayır.
Belə bir dövrdə təəssüf ki, nəhəng miqyaslı bu quruculuq prosesinə kölgə salmaq cəhdləri də istisna deyil. Bir müddət əvvəl Füzuli şəhərində yeni tikilmiş binalardan birində mənzilin su basması ilə bağlı yayılan görüntü də məhz bu qəbildən olan xəbərlərdən idi. Hadisə barədə məlumat yayılar-yayılmaz müəyyən qruplar məsələni şişirdərək düşünülmüş qarayaxma kampaniyasına girişdilər.
Lakin araşdırmalar göstərdi ki, 5-ci binanın 112-ci mənzilində yaşanan subasma hadisəsinin dövlət qurumları ilə heç bir əlaqəsi yoxdur. Məlum olub ki, üst mərtəbədə yaşayan sakin 115-ci mənzildə radiatora özbaşına müdaxilə edib və məhz bu texniki səhlənkarlıq nəticəsində sızma baş verib. Yəni ortada nə tikintidə nöqsan, nə də dövlət qurumlarının məsuliyyətsizliyi var — məsələ sırf fərdi səhlənkarlıqdan ibarətdir.
Təəssüf doğuran məqam isə budur ki, bəzi vətəndaşlar mövzunu araşdırmadan, faktları dəqiqləşdirmədən dərhal ittihamlara əl atırlar. Daha sonra isə müəyyən dairələr belə halları məqsədli şəkildə şişirdərək dövlətin Qarabağ siyasətini gözdən salmağa çalışırlar. Halbuki bu gün Qarabağda görünməmiş miqyasda yenidənqurma aparılır: illərlə dağıdılmış torpaqlar dirçəldilir, şəhərlər sıfırdan salınır, yollar, məktəblər, xəstəxanalar, təhsil və sosial obyektlər, yaşayış kompleksləri inşa olunur.
Ayrı-ayrı vətəndaşların şəxsi məsuliyyət dairəsinə aid texniki nasazlıqları dövlət siyasətinə qarşı ittiham alətinə çevirmək nə obyektiv yanaşmadır, nə də reallığa uyğundur.
Bu mərhələdə cəmiyyətin ən böyük vəzifəsi sağlam münasibət və rasional yanaşmanı qorumaqdır. Hər hansı problemi soyuqqanlı şəkildə, faktlara əsaslanaraq qiymətləndirmək, emosiyalara qapılıb manipulyasiyalara meydan verməmək olduqca vacibdir. Qarabağda həyatın bərpasında dövlət qurumlarının öz öhdəlikləri olduğu kimi, vətəndaşların da məsuliyyətli davranması, şəxsi müdaxilələrinin nəticələrini düzgün qiymətləndirməsi zəruridir.
Bu gün cəmiyyət olaraq daha yetkin yanaşma formalaşdırmağın vaxtıdır: problemi doğru ünvanlamaq, faktları araşdırmaq, qərəz yaratmamaq və məsələyə emosional deyil, məntiqli mövqe ilə yanaşmaq.
Çünki Qarabağa qayıdış yalnız fiziki köç prosesi deyil — azad olunmuş torpaqlarda sağlam düşüncənin, vətəndaş məsuliyyətinin və həmrəyliyin bərpası deməkdir.
Tahir Turan
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.