AZ

Yaşayış binalarında restoran işlətmək olarmı? – Faciəvi yanğınların SƏBƏBİ

“Binalarda təhlükəsizlik tədbirləri çoxmərtəbəli yaşayış mühitinin ən vacib komponentlərindən biridir. Təhlükəsizlik yalnız texniki avadanlıqlardan ibarət deyil. Bu, insanların düzgün davranışından, texniki sistemlərin işlək vəziyyətdə olmasından və ümumi nəzarətdən formalaşan kompleks prosesdir”.

Bu sözləri Musavat.com-a açıqlamasında təhlükəsizlik eksperti Orxan Musayev deyib.

image_1763966578.png

Ekspert bildirib ki, hər bir binada sakinlərin sağlam və təhlükəsiz şəkildə təxliyə olunması üçün təxliyə planları hazırlanmalıdır:

“Yanğın hadisələrinin qarşısını almaq üçün öncədən tədbirlər görülməlidir. Hadisə baş verdikdə isə kompleks təhlükəsizlik tədbirlərinə əməl edilməlidir. Tüstü zamanı yerə uzanaraq hərəkət etmək zəhərlənməni minimuma endirir. Əgər mümkündürsə, sakinlər qapı boşluqlarını nəm parça ilə bağlamalıdırlar. Tüstü yanğında ölümün əsas səbəblərindən biridir”.

Ekspertin sözlərinə görə, binanın birinci mərtəbəsində restoran və digər iaşə obyektlərinin yerləşməsi əlavə risklər yaradır:

“Burada istilik mənbələri çoxdur. Ölkəmizdə mövcud qaydalara görə, yaşayış binalarının qeyri-yaşayış sahələrinə təbii qazın verilməsi qadağandır. Qazla işləyən cihazların istifadəsi də təhlükəlidir. Yalnız elektrik qızdırıcılardan istifadə icazəlidir. Lakin üst mərtəbədə yaşayış olduğu üçün yanğın riski təkcə biznesi deyil, orada yaşayan insanların həyatını da təhlükəyə atır. Qeyri-yaşayış obyektlərinin təşkili zamanı yanğın törədə biləcək bütün amillər nəzərdən keçirilməli və aradan qaldırılmalıdır.

Yanğın siqnalizasiya sistemi ilkin yanğın söndürmə vasitələri ilə təmin olunmalı, restoranla yaşayış sahəsi arasında izolyasiya qurulmalı, tüstü və qoxunun mənzilə keçməsinin qarşısı alınmalıdır. Təhlükəsizlik yalnız texniki məsələ deyil, obyekt sahibinin məsuliyyətidir”.

94690dcc-3c58-41e4-9503-c0550277661d.jpg

Qeyd edək ki, Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli binada ötən həftə baş verən yanğın zamanı binanın komendantı, 1983-cü il təvəllüdlü Samir Məmmədov, 7 yaşlı Arzu Qənbərli və Bakı Milli Geyim Evinin rəhbəri, 48 yaşlı Könül Vəlibəyli həlak olub. Könül Vəlibəyinin qızı Ləmanın vəziyyəti ağırdır. Hadisə nəticəsində ümumilikdə 27 nəfər tüstüdən zəhərlənib.

Sakinlər yanğına səbəb kimi binanın birinci mərtəbəsində fəaliyyət göstərən “Loft” restoranını göstərirlər. Onların sözlərinə görə, restoran uzun müddətdir binanın elektrik xəttini həddindən artıq yükləyir.

“Hibrid maşınları “zaryadka”ya qoyurdular, naqillər tab gətirmədi”.

Onlar əlavə ediblər ki, restoranın elektrik sisteminə müdaxiləsi, naqillərin normadan artıq yüklənməsi və cihazların icazəsiz istifadəsi binanın təhlükəsizliyini uzun müddətdir şübhə altına almışdı.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
12
musavat.com

1Mənbələr