GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələrinin noyabrın 21-də Bakıya səfəri maraqla qarşılandı.
Məlumata görə, nümayəndə heyətinin tərkibində media nümayəndələri və politoloqlar yer alıb. Onların sırasında İrəvan Mətbuat Klubunun fəxri prezidenti Boris Navasardyan, politoloqlar Areq Koçinyan, Narek Minasyan, Samvel Meliksetyan və hüquq müdafiəçisi Naira Sultanyan var.
Onlar Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşüblər. Prezidentin köməkçisi görüş zamanı “Sülh körpüsü” təşəbbüs qrupunun üzvləri olan erməni nümayəndələrin suallarını cavablandırıb. Onlar həmçinin ölkələrinə qayıtdıqdan sonra səfərin məhsuldar keçdiyini bildiriblər.
Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov bildirib ki, erməni politoloqlarının ölkəmizə səfəri gözlənilirdi və Azərbaycan tərəfi buna hazır idi:
“Çünki məlum olduğu qədərilə azərbaycanlı politoloqlardan ibarət nümayəndə heyəti də oktyabrın 22-də İrəvanda səfərdə olmuşdu. Ermənilərin səfəri də ciddi ajiotajla müşayiət olunmadı. Çünki Azərbaycanda Ermənistanla münasibətlərin normallaşdırılmasını yaxın gələcəkdə baş verə biləcək real proses kimi qiymətləndirirlər. Digər tərəfdən, mütəmadi olaraq Azərbaycan və Ermənistanın müxtəlif səviyyəli nümayəndələrinin görüşləri barədə məlumatlar paylaşılır. Dövlət rəhbərləri, xarici işlər nazirləri, parlament nümayəndələri artıq bir neçə dəfə görüşüblər.
Amma iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün ictimaiyyəti təmsil edən qrupların görüşü çox zəruridir. Çünki bu qruplar xalqların bir-birinə yaxınlaşması məqsədilə əlavə sosial-siyasi dəstək formalaşdıra bilər. Azərbaycanlı və erməni politoloqlarının qarşılıqlı səfərlərini də bu qəbildən olan təşəbbüslər kimi qiymətləndirmək lazımdır”.
Əlimusa İbrahimov
Ə.İbrahimov bildirib ki, uzun müddət düşmən mövqedə olmuş iki xalqın yaxınlaşması istiqamətində ciddi və ardıcıl addımların atıldığı müşahidə olunur:
“Əlbəttə, münasibətlərin istiləşməsi müəyyən vaxt tələb edəcək. Xüsusən də diplomatik əlaqələr qurulmadan hərtərəfli münasibətlərdən danışmaq tezdir. Diplomatik nümayəndəliklərin fəaliyyətə başlaması isə yəqin ki, Ermənistanda gələn ilin iyununda keçiriləcək parlament seçkilərindən sonrakı dövrə qalacaq. Çünki hazırda Ermənistan iqtidarını düşündürən əsas məsələ növbəti parlament seçkilərində qələbə qazanmaqdır. Hakim partiya seçkilərə qədər reytinqinə mənfi təsir göstərə biləcək addımlar atmaqdan çəkinir.
Qarşılıqlı səfərlərin məqsədi isə seçkilərdən sonrakı münasibətlərin təməlini qoymaqdır. Bu səfərlərin mərhələli şəkildə aparılması da insanları tədricən normallaşma prosesinə alışdırmaq məqsədi daşıyır. Seçkilərə qədər münasibətlərin yüksələn xətlə, amma nisbətən ləng şəkildə inkişaf etdiyini görəcəyik ki, bu da Ermənistan rəhbərliyinin mövcud siyasi strategiyasına uyğundur”.
Turan Rzayev
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.