Bakı, 24 noyabr, Pərvanə Qafarova, AZƏRTAC
Azərbaycan beynəlxalq aviasiyada karbon emissiyalarının azaldılması və hesabatlılığın gücləndirilməsi istiqamətində ardıcıl addımlar atır. Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) üzvlük çərçivəsində ölkəmiz CORSIA (“Carbon Offsetting and Reduction Scheme for International Aviation”) təşəbbüsünə qoşulub.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq “AZCON Holding”dən bildirilib.
“2019-cu ildən etibarən Azərbaycan Hava Yolları (AZAL) beynəlxalq uçuşlarda yanacaq sərfiyyatı və CO₂ emissiyalarını monitorinq edir və nəticələri Dövlət Mülki Aviasiya Agentliyi vasitəsilə ICAO-ya təqdim edir.
AZAL 2023-cü ildən etibarən ICAO, IATA, BMT-nin Qlobal Sazişi, CANSO (“Civil Air Navigation Services Organisation”) və digər nüfuzlu beynəlxalq qurumlarla emissiyaların azaldılması istiqamətində sıx əməkdaşlıq edir. AZAL hazırda ESG Strategiyasının və “2050 Net-Sıfır Emissiya Yol Xəritəsi”nin hazırlanması üzərində işləyir. Bu çərçivədə şirkət emissiyaların azaldılması, enerji səmərəliliyinin artırılması və dayanıqlı aviasiya yanacağı (SAF) imkanlarının araşdırılması istiqamətində fəaliyyətlər həyata keçirir.
Heydər Əliyev Beynəlxalq Aeroportu 2024-cü ildə “Airport Carbon Accreditation (ACA) Level 2” sertifikatını, cari ildə isə regionda ilk dəfə olaraq “ACA Level 3” sertifikatını əldə edib. Bu nailiyyət ətraf mühitin idarə olunması, karbon emissiyalarının azaldılması və enerji idarəçiliyi sahəsində əldə edilmiş mühüm uğurları nümayiş etdirir.
Əlavə olaraq, 2025-ci ilin may ayında AZAL regionda ilk dəfə olaraq Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) “Aviasiya Enerji Forumu”nu (AEF) Bakıda təşkil edib. Bu mühüm tədbir Cənubi Qafqaz və Xəzər regionunda keçirilən ilk beynəlxalq forum olaraq aviasiya yanacağı, enerji keçidi, SAF və dekarbonizasiya mövzularına həsr olunub. AZAL, həmçinin karbon emissiyalarının azaldılması ilə bağlı “RefuelEU Aviation”, “IATA CO₂ Connect” və “IATA Track Zero” kimi beynəlxalq proqramlara qoşulub, bununla da emissiya məlumatlarının dəqiqliyini, hesabatlılığı və dekarbonizasiya istiqamətində uyğunluğu daha da gücləndirib.
Beləliklə, AZAL beynəlxalq tələblərə uyğun olaraq emissiyaların monitorinqi, hesabatlılıq və ekoloji idarəetmə sistemlərini tətbiq edir və yaxın illərdə bu istiqamətdə tədbirləri daha da genişləndirməyi planlaşdırır. Şirkətin 2024-cü il üzrə Dayanıqlılıq Hesabatında (2024 Sustainability Report) karbon emissiyalarının azaldılması və dayanıqlı inkişaf təşəbbüsləri barədə məlumatlar ətraflı şəkildə öz əksini tapir”, - deyə “AZCON Holding”in məlumatında qeyd olunur.
Xatırladaq ki, dünya təcrübəsinə əsasən, aviasiya sektorunda karbon emissiyalarına nəzarət getdikcə sərtləşir və bir çox ölkələr ICAO-nun CORSIA sistemi üzrə öhdəlikləri icra edir. Bu kontekstdə Rusiya hökuməti də 2026-cı ildən etibarən aviaşirkətlərin beynəlxalq reyslər üzrə CO₂ emissiyalarına dair hesabatlılığını və kompensasiya tədbirlərini məcburi etməyi planlaşdırır.
Qaydalar illik 10 min tondan artıq emissiya yaradan daşıyıcıların yanacaq monitorinqi planı təqdim etməsini və müstəqil verifikatorlar tərəfindən təsdiqlənmiş məlumatlar verməsini nəzərdə tutur ki, bu, hazırda Avropa İttifaqı və digər regionlarda tətbiq olunan mexanizmlərlə uyğunluq təşkil edir. Humanitar, tibbi və müdafiə məqsədli uçuşlar istisna olmaqla, bütün beynəlxalq sərnişin daşımaları bu sistemə daxil ediləcək.
Emissiya limitlərinin hesablanması üçün son üç ilin məlumatları əsas götürüləcək və normanın aşılması halında aviadaşıyıcılar, digər ölkələrdə olduğu kimi, karbon kompensasiyası həyata keçirməli olacaqlar.
Qlobal tendensiyaya uyğun olaraq, emissiyaların azaldılması üçün beynəlxalq reyslərdə aşağıkarbonlu SAF yanacağından istifadə təşviq edilir. “Earthood” şirkətinin hesablamalarına görə, bu keçid 2027–2035-ci illər ərzində Rusiya aviaşirkətlərindən 61–258 milyard rubl arasında əlavə vəsait tələb edə bilər. Ekspertlər bildirirlər ki, beynəlxalq təcrübədə olduğu kimi, karbon tənzimlənməsinin tətbiqi bilet qiymətlərində artım ehtimalını gücləndirir.