AZ

Pensiyalarla bağlı gözlənilən qərar nə zaman veriləcək? Açıqlama

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycanda pensiya kapitalından istifadə imkanlarının yaradılması ilə bağlı ictimaiyyətdə gözləntilər artır. Vətəndaşlar öz topladıqları vəsaitdən zəruri ehtiyaclar üçün yararlanmaq istəyirlər.

Globalinfo.az-a danışan iqtisadçı Pərviz Heydərov deyib ki, hazırda pensiya kapitalı ilə bağlı müzakirələr davam edir:

“Görünən odur ki, hökumət hələlik bu sahədə qanunvericiliyə hər hansı dəyişiklik etmək və pensiya kapitalından istifadə imkanlarını yaratmaq niyyətində deyil. Bu, birbaşa Dövlət Sosial Müdafiə Fondunun (DSMF) maliyyə vəziyyəti ilə bağlıdır. Son illər fondun gəlirləri artsa da, qurum hələ də dövlət büdcəsindən asılıdır. DSMF ölkə üzrə bütün sosial ödənişləri müstəqil şəkildə icra etmək imkanına malik deyil”.

Pərviz Heydərov

Ekspert bildirib ki, Azərbaycanda özəl pensiya fondları da mövcud deyil və gələcəkdə onların yaradılması düşünülür:

“Maliyyə dayanıqlığı təmin edildiyi halda və fond bütün sosial ödənişləri icra edə biləcək səviyyəyə çatdıqda, pensiya kapitalından istifadə məsələsi daha real ola bilər. Bu mövzuya baxılmalıdır, çünki vətəndaşların bir qismi kifayət qədər kapital yığa bilmir, digərləri isə yüksək əməkhaqqı və uzun iş stajı səbəbindən daha çox vəsait toplaya bilirlər. Hazırkı sistemdə vətəndaş pensiyaya çıxdıqdan sonra təxminən 12 il ərzində topladığı kapitaldan istifadə edir. Ölkədə orta ömür uzunluğunun artması ilə bağlı statistik göstəricilər də nəzərə alınmalıdır.

Hesab edirəm ki, pensiya kapitalı ya vərəsəlik qaydasında ailə üzvlərinə çatdırılmalı, ya da müəyyən həcmdən artıq kapital yığan vətəndaşlara həmin vəsaitdən zəruri ehtiyaclar – məsələn, ipoteka ödənişləri, sağlamlıq xərcləri və ya təhsil məqsədləri üçün istifadə imkanı verilməlidir. Çünki pensiya kapitalı hər bir vətəndaşa məxsus şəxsi vəsaitdir”.

Ləman İmran

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
globalinfo.az

1Mənbələr