AZ

Şanlı Zəfərin daha bir təcəssümü – Kəlbəcər Şəhəri Günü - ŞƏRH

Bakı, 25 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi tarixi Qələbə günlərini əbədiləşdirdi. Həmin Sərəncama əsasən, 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi müəyyən olunub. Artıq 3-cü ildir ki, hər il noyabrın 25-də Kəlbəcər Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. Bu gün, həmçinin Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən beş il ötür. Kəlbəcərin işğaldan azad edilməsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və yenilməz Ordumuzun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub. Xatırladaq ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2- də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.

Bu fikirləri Kəlbəcər Şəhəri Günü ilə əlaqədar AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib. O bildirib ki, Kəlbəcərin işğalı nəticəsində 53 min 340 nəfər öz yurdundan didərgin düşmüş, 55 hərbçi, 511 mülki sakin öldürülmüş, 321 nəfər əsir götürülmüş, itkin düşmüş və minlərlə sakin yaralanmışdır.

Hüquq müdafiəçisi Kəlbəcərin azad olunmasından söhbət açaraq deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları Bəyanata əsasən, Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi. Məlum olduğu kimi, Ermənistan qeyri-qanuni məskunlaşdırma siyasətindən əl çəkməyərək BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq, 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlamışdı. Ona görə də Kəlbəcərin boşaldılması üçün əlavə vaxt verildi. Bununla da Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirməklə Rusiya Prezidenti Vladimir Putinin xahişini nəzərə alaraq müddəti noyabrın 25-dək uzatdı.

Ç.Qənizadə Vətən müharibəsinin ilk günlərində Kəlbəcərin şimal hissəsinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edildiyini xatırladaraq bildirib ki, bu ərazidəki strateji yüksəkliklər götürülərək erməni silahlı qüvvələrinin hərəkətləri məhdudlaşdırıldı və faktiki olaraq işğalçılar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Yenilməz Ordumuz bəzi istiqamətlərdə strateji nöqtələrdə nəzarəti ələ keçirərək Ermənistan ordusunun hərəkətlərini, demək olar ki, iflic vəziyyətə saldı. Üçtərəfli Bəyanatın şərtlərinə əsasən, Kəlbəcərin ermənilərdən boşaldılması zamanı törədilən vəhşiliklər işğalçıların barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu: “Kəlbəcəri tərk edən qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldılar. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi xislətlərini nümayiş etdirdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini dünya birliyinə nümayiş etdirdi. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır. Ermənistan bu cinayəti də törədərək beynəlxalq hüquq normalarına hörmətsizliyini açıq şəkildə nümayiş etdirdi. Bütün bunlar artıq arxada qalıb. Bu gün Kəlbəcər yeni inkişaf mərhələsinə qədəm qoyub”.

Hüquqşünas Kəlbəcərdə aparılan yenidənqurma, bərpa-quruculuq işlərindən söhbət açaraq deyib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcərə səfərindən sonra burada əsaslı yenidənqurma işlərinə start verildi: “Bu müddət ərzində dövlətimizin başçısı 7 dəfə Kəlbəcərə səfər edib. Hər dəfə yeni müəssisələrin açılışı digərlərinin isə təməli qoyulub. Hazırda bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Prezident İlham Əliyev 2025-ci avqustun 21-də Kəlbəcərə səfəri zamanı buraya köçmüş 20 ailəyə mənzillərin açarlarını təqdim edib. Bu vaxta qədər Kəlbəcərə 81 ailə, 338 nəfər köçürülüb. Bütün işlər planlaşdırılmış şəkildə davam etdirilir. Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli qərarı ilə “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilib.

Hüquq müdafiəçisi deyib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilib. Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrimizin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.

“Bölgədə infrastrukturun yenidən qurulması, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi, enerji ehtiyatlarından səmərəli istifadə, yeni iş yerlərinin açılması, “İstisu” Müalicə-İstirahət Kompleksinin tikintisi və digər bərpa-quruculuq işləri Kəlbəcəri yaxın illərdə beynəlxalq turizm mərkəzinə çevirəcək”- deyə Ç.Qənizadə bildirib.

Seçilən
111
azertag.az

1Mənbələr