Xəbər verdiyimiz kimi, ötən gün saat 09 radələrində paytaxtın Nərimanov rayonunda, Ə.Rəcəbli küçəsində partlayış baş verib.
Musavat.com xəbər verir ki, partlayış "AFEN Plaza" biznes mərkəzində olub.
Hadisə nəticəsində 2-si kişi, 3-ü qadın olmaqla 5 nəfər yaralanıb.
"AFEN Plaza"nın sahibi Əbülfət Əliyev deyib ki, partlayışa yolda çəkilən magistral qaz xətti səbəb olub:
"Yolda magistral qaz xətti çəkirdilər. Qazıntı zamanı traktorlar həmin xətti zədələmişdilər. Üç gün bundan əvvəl isə dedilər ki, həmin zədələnməni bərpa ediblər. Görünür, bərpanı düzgün etməyiblər, qaz sızması olub və nəticədə partlayış baş verib".
O qeyd edib ki, rəhbəri olduğu binada qaz olmayıb:
"Burada hazırda dayandığımız yerin altından böyük qaz xətti keçir və burada qaz sızması var. Burada dayanmağın özü belə təhlükəlidir. Binada qaz yoxdur. Bizdə qaz çardaqdadır, havalar yaxşı keçdiyindən qaz qoşulmayıb. Qaz zirzəmiyə toplanıb və işçi gəlib işığı yandıran kimi qaz partlayışı baş verib. Hələ ki, nə qədər zərər dəydiyi hesablanmayıb. Bütün bunlar məsuliyyətsizlik nəticəsində baş verib".
Şahanə Rəhimli
Musavat.com