Qlobal enerji tələbatı onillərlə yüksək qalacaq və Xəzər regionunun mövcud neft-qaz infrastrukturu strateji rolunu qoruyacaq. Bunu BP regional prezidenti Giovanni Cristofoli bildirib.
Rəsmiyə görə, BP-nin son Energy Outlook hesabatı 2050-ci ildə enerji tələbatının bu günlə müqayisədə təxminən 10% çox olacağını və tələbatın yarısının yenə də neft və qazla ödəniləcəyini göstərir.
O qeyd edib ki, hətta temperatur artımının 2°C-dən aşağı saxlanıldığı ssenaridə belə, tələbat “indiki səviyyənin üçdə ikisi qədər olacaq və bunun təxminən üçdə biri yenə də neft-qazın payına düşəcək”.
O əlavə edib ki, bu, hidrokarbonlara ehtiyacın onilliklərlə davam edəcəyini və Xəzər regionunun enerji mərkəzi kimi mövqeyini möhkəmləndirdiyini göstərir.
BP rəsmisi bildirib ki, Avropaya çıxışı təmin edən boru kəmərləri infrastrukturu, yerli kadr potensialı, operator–podratçı münasibətlərində əməkdaşlıq modeli və dost biznes mühiti regionun üstünlüyüdür.
O həmçinin bildirib ki, sektordakı artan texniki və geosiyasi mürəkkəblik fonunda SPE və IOGP kimi qurumlar “ən yaxşı təcrübələrin, texnologiyaların və sənaye standartlarının paylaşılması üçün kritik əhəmiyyətə” malikdir.
N.Təbrizli