AZ

"Neftçi"də "dəyirman öz işindədir, çax-çux baş ağrıdır"

"Neftçi" ötən mövsüm də birinci dövrədən sonra baş məşqçisini istefaya göndərmişdi. "Ağ-qaralar"ın sükanı arxasında qələbə qazana bilməyən Roman Qriqarçuk yola salınmış, Samir Abasov gətirilmişdi. Dünən postundan göndərilən yerli məşqçinin gedişi hələ açıqlanmamış ictimaiyyətə yeni namizədin adı sızdırıldı: Yuri Vernidub. Sadəcə, rəsmi qərardan sonra xəbər daha da tirajlanmaqdadır. Deyilənlərə inansaq, "Neftçi" rəhbərliyi Qriqorçukun həmyerlisini Bakıya dəvət edib. 

Görünən odur ki, bakılılar başına gələnlərdən dərs çıxarmayıb. Əksinə, səhvlər sıralanır. Axı niyə Vernidub? Beş-altı il əvvəl adı “Sabah”la hallandırılan, irəli sürdüyü tələblərə görə keçidi baş tutmayan 59 yaşlı mütəxəssisin "Neftçi"yə hansı xətlə dəvət edilməsi, planın kimə məxsus olması gün kimi aydındır. Deməli, kluba 14 legioner futbolçu aldıran və son bəyanatda "hamısını baş məşqçi istəmişdi" deməklə günahı Abasovun üzərinə yıxmağa çalışan həmin işbazlar yenə ampluasındadır. Bu dəfə Vernidub gətiriləcək, bəh-bəhlə təqdim olunacaq, qışda "onun istəyi ilə" daha bir neçə oyunçu transferi reallaşdırılacaq, yenə, yenə, yenə...növbəti avrokuboksuz mövsüm izləyəcəyik. Bir sözlə, "dəyirman öz işindədir, çax-çux baş ağrıdır".  

"Neftçi"nin niyə başqa alternativi olmamalıdır? Rəhbərlik niyə bir neçə ildir klubun içinə girib transfer əməliyyatlarını əlinə alan və milyonlar qazanan "mafiya"nın çaldığı ilə oynamalıdır? Şəffaf yanaşma o zaman olardı ki, klub danışıq apardığı bir neçə mütəxəssisin adının yer aldığı siyahını təqdim edərdi, medianın onlara çıxışını, "Neftçi"dən istək və tələbinin nələr olduğunu öyrənmməsinə şərait yaradardı. Sonda qoy Əlinin, Vəlinin, Pirvəlinin yox, məhz Vernidubun keçidi alınsın. Amma hər kəs də bilsin ki, bu anlaşma hansı reallıqlara əsasən baş tutdu. Amma Samir-Yuri dəyiş-düyüşü bəlli planın tərkib hissəsi kimi görünür. 

Rəhbərlik "tarixin təkrarlanması"na yol verməməlidir. Axı "Neftçi" böyük tarixi olan klubdur. İnanırıq ki, uğursuzluğun baiskarlarının əlləri bu dəfə kəsiləcək, məqsədləri yalnız pul qazanmaq olan həmin şəxslərin istəkləri nəhayət, reallaşmayacaq.       

Fanat.Az

Seçilən
25
50
fanat.az

10Mənbələr