Bakı, 25 noyabr, Səbinə Əlizadə, AZƏRTAC
Dünyada sürətlə dərinləşən geosiyasi dəyişikliklər fonunda transmilli korporasiyaların rolu daha da artıb. Xarici siyasətə və beynəlxalq əlaqələrə əvvəllər də ciddi təsir göstərən bu qüvvələr artıq tam açıq şəkildə qlobal proseslərin əsas müəyyənedici aktoruna çevrilir.
Bunu AZƏRTAC-a açıqlamasında rusiyalı politoloq Tatyana Poloskova bildirib.
Onun sözlərinə görə, məhz bu reallıq aparıcı dövlətlərin, o cümlədən ABŞ-ın yeni strategiyasının əsasını təşkil edir.
Politoloq qeyd edib ki, ABŞ beynəlxalq siyasətə daha çox öz strateji və iqtisadi maraqlarının qorunması prizmasından yanaşır. “Prezident Donald Tramp bu yanaşmanı davam etdirərək ölkəsinin mövqelərinin möhkəmləndirilməsi istiqamətində addımlar atır. Bu siyasətin mühüm komponentlərindən biri də qlobal logistika marşrutlarının inkişafına və onların fəaliyyətinə diqqətin artırılmasıdır”, - deyə Tatyana Poloskova bildirib.
Onun fikrincə, Cənubi Qafqaz bu gün tədricən dünyanın ən mühüm logistika qovuşuqlarından birinə çevrilir. “Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, İrəvanın Bakının şərtlərini qəbul etməsi, o cümlədən Zəngəzur dəhlizinin açılması məsələsində irəliləyiş regionun strateji əhəmiyyətini daha da artırır. Bu səbəbdən Tramp administrasiyası Azərbaycana xüsusi diqqət yetirir. ABŞ Prezidentinin həm ölkənizə, həm də Azərbaycan liderinə münasibəti onun bir sıra bəyanatlarında açıq şəkildə görünür”, - deyə politoloq vurğulayıb.
“Vaşinqton Azərbaycanı təkcə regional deyil, perspektivli qlobal aktor kimi qiymətləndirir. Azərbaycan artıq güclü bir bölgələrarası oyunçudur və inkişaf meyilləri onu yaxın gələcəkdə dünya səviyyəli aktora çevirə bilər”, - deyə o qeyd edib.
Mərkəzi Asiyada gedən proseslərə toxunan T.Poloskova bu proseslərin bütövlükdə Avrasiya geosiyasətini dəyişdiyini qeyd edib. Onun sözlərinə görə, yaxın illərdə Cənubi Qafqazın yeni geosiyasi xəritəsi formalaşacaq – söhbət dövlət sərhədlərindən deyil, maraqların toqquşduğu və əməkdaşlığın müəyyən olunduğu strateji məkandan gedir.
“Cənubi Qafqaz və xüsusilə Azərbaycan böyük yüksəliş ərəfəsindədir. Regionda genişmiqyaslı müsbət dəyişikliklər üçün bütün şərtlər mövcuddur və bu tendensiyalar artıq özünü göstərir”, – deyə rusiyalı politoloq bildirib.