AZ

"Belə hörmətsizlik olmaz" - "Şirvan"ın baş məşqçisi 0:5 hesablı yenilgini şərh etdi

2-ci Liqanın 10-ci turu çərçivəsində "Qaradağ Lökbatan"ı qonaq edən "Şirvan" doğma azarkeşləri önündə 0:5 hesabı ilə darmadağın oldu. Bölgə təmsilçisinin baş məşqçisi Pərviz Bayramovla əlaqə saxlayıb yenilgini şərh etməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Ağır oyun olacağını bilirdik. Dörd oyunçumuz yox idi. Bildiyiniz kimi, Qərib İbrahimov cəza səbəbindən son oyunlarda komandaya kömək edə bilmir. Ondan başqa, qapıçı Vaqif Şirinbəyov, müdafiəçilərimiz Hüseyn Əliyev və İbrahim Aslanlı da bu və digər səbəbdən bu dəfə oynamadılar. Onsuz da ehtiyat skamyamız geniş deyil, 4 aparıcı oyunçunun olmaması vəziyyəti daha da ağırlaşdırır. "Qaradağ Lökbatan" güclü, liderliyə oynayan komandadır. Mübarizə aparsaq da, məğlubiyyət qaçılmaz oldu. Çox məyus olduq. Böyük hesablı məğlubiyyəti yaşamaq ağır hissələridir".

34 yaşlı çalışdırıcı son oyunlardakı uğursuz nəticələrlə bağlı rəhbərliyin iradlarını haqlı sayır: 
 
"İrad təbiidir, olmalıdır. Yoxsa məsuliyyət hiss etmərik. İnşallah, tez bir zamanda toparlanarıq. Qrafik də çox ağırdır. Son iki turda "Şəki Siti" və "Qaradağ Lökbatan"la qarşılaşmışıq, gələn həftə isə rəqib "Xankəndi" olacaq. Çalışacağıq ki, yaxşısını edək. Qış fasiləsi ərəfəsində vəziyyəti düzəldə bilərik. Yadınızdadırsa, mən açıqlamalarımın birində demişdim ki, ilk "6-lıq" bizim üçün uğurdur".

Bayramov "Qaradağ Lökbatan"la oyuinun hakimliyindən şikayətlənib: 

"Deyəcəklərimi bəhanə, məğlubiyyətə əsas göstərməyim kimi qəbul etməyin. Onsuz da hamı bilir biz təzə kolektivik, "Qaradağ Lökbatan"ın hakim köməyinə ehtiyacı yoxdur. Demirəm hakimə görə uduzduq, amma belə hörmətsizlik olmaz. Oynadığım dövrdə belə, hakimə etiraz etməmişəm. O da insandır, səhv edə bilər. Amma bu oyunun hakimi (Murad Səlimov) ağzının danışığını bilmirdi. Təsəvvür edin, oyunçumuzun üstünə qışqırır: "əə, bura gəl". Dördüncü hakimə etirazımı çatdırırdım, çox üzür istəyirəm, o qayıdıb nə desə yaxşıdı? Deyir "başını burax, oyuna bax". Bu nə danışqıdır axı. Hələ kapitanımıza qarşı qeyri-etik ifadəsini demirəm". 

Mirağa

Seçilən
21
fanat.az

1Mənbələr