AZ

“Laçın: Mədəni yaddaşın folklordan görünən izləri” mövzusunda elmi sessiya keçirilib

Bakı, 25 noyabr, AZƏRTAC

Noyabrın 25-də AMEA-da “Laçın: Mədəni yaddaşın folklordan görünən izləri” mövzusunda elmi sessiya keçirilib. Elmi sessiya Laçın şəhərinin bu il “MDB-nin mədəniyyət paytaxtı” olmasına həsr edilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

Tədbir iştirakçıları əvvəlcə foyedə AMEA-nın Humanitar Elmlər Bölməsi institutlarında Qərbi Azərbaycan, Qarabağ, Şərqi Zəngəzur və Böyük Qayıdışla bağlı nəşr olunmuş müxtəlif kitablardan ibarət sərgi ilə tanış olublar.

Elmi sessiyanı açan AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli Laçın şəhərinin 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” olmasının təkcə Azərbaycan üçün deyil, bütün region üçün əhəmiyyət kəsb etdiyini söyləyib.

Akademik Teymur Kərimli 2020-ci ildə ərazilərimizin işğaldan azad edilməsindən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Laçında da genişmiqyaslı bərpa və yenidənqurma prosesinin həyata keçirildiyini söyləyib. Direktor qeyd edib ki, dövlət tərəfindən salınan müasir infrastruktur Laçın torpaqlarının tarixinin, arxeologiyasının, etnoqrafiyasının, folklorunun və ədəbi-mədəni irsinin elmi əsaslarla tədqiqi üçün geniş imkanlar açır.

Sonra AMEA Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev çıxış edərək Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma proseslərinin təkcə infrastruktur layihələri ilə məhdudlaşmadığını, bu işlərin bölgənin mədəni-mənəvi həyatının dirçəldilməsinə xidmət etdiyini diqqətə çatdırıb. O vurğulayıb ki, Böyük Qayıdış konsepsiyasının mühüm istiqamətlərindən biri işğaldan azad olunmuş ərazilərin folklor irsinin yenidən dövriyyəyə qaytarılmasıdır. Xalq yaddaşının bu mühüm hissəsinin yenidən canlandırılması bərpa prosesinə həm mənəvi dərinlik, həm də tarixi ardıcıllıq qazandırır.

Hikmət Quliyev tədbirin Şanlı Zəfərin 5-ci ildönümü ilə eyni vaxtda keçirilməsinin əlavə rəmzi məna daşıdığını qeyd edib. Bildirib ki, beş il öncə Azərbaycan yalnız torpaqlarını azad etməyib, həm də bu torpaqlarda yüz illərlə formalaşmış mədəni irsini, kimlik yaddaşını işğaldan qurtarıb. Bu il Laçının “MDB-nin mədəniyyət paytaxtı” olması isə həm strateji, həm də mədəni hadisədir. Laçın və ətraf bölgələrin folklor mühiti, o cümlədən sakral məkanları, qədim inanc sistemləri, aşıq yaradıcılığı Qafqazın mədəni xəritəsində özünəməxsus yer tutur.

Alim, həmçinin Zəngəzur folklorunun qədim yaddaş qatlarından, ağız ədəbiyyatı nümunələrindən və toponim yaddaşının mühüm əhəmiyyətindən danışaraq bildirib ki, bu irs həm bölgə tarixinin, həm də ümummilli kimliyin formalaşmasında xüsusi rol oynayıb. Hikmət Quliyev Folklor İnstitutunun son illərdə apardığı ekspedisiyalar, hazırlanmış çoxcildlik nəşrlər (“Qarabağ folkloru”, “Zəngəzur folkloru”, “Qərbi Azərbaycan folkloru”) və təşkil edilən elmi simpoziumların əsas məqsədinin kollektiv yaddaşı bərpa etmək və onu gələcək nəslə sistemləşdirilmiş formada ötürmək olduğunu qeyd edib.

Direktorun sözlərinə görə, işğaldan azad olunmuş bölgələr Azərbaycan üçün təkcə strateji-coğrafi əhəmiyyət daşımır, həm də xalqın tarixi-mənəvi yaddaşının yenidən canlandığı məkanlara çevrilir. Bu səbəbdən folklor resurslarının öyrənilməsi, sənədləşdirilməsi və yenidən dövriyyəyə qaytarılması Böyük Qayıdışın əsas mədəni dayaqlarından biri hesab edilməlidir.

Sonra AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya elmləri doktoru, dosent Şakir Albalıyev “Zəngəzur toponimlərində folklor izləri”, şair, publisist İlham Qəhrəmanov “Sarı Aşığın həyatı və yaradıcılığı”, Folklor İnstitutunun doktorantı Könül Məmmədova “Sarı Aşığın yaradıcılığında cinaslar” mövzusunda məruzələrlə çıxış ediblər.

Tədbir çərçivəsində, həmçinin Salman Mümtazın “Aşıq Abdulla” kitabının Folklor İnstitutunun aparıcı elmi işçisi dosent Rza Xəlilov tərəfindən transkripsiya olunaraq yenidən çapdan çıxmış nəşrinin təqdimatı olub.

Bildirilib ki, Azərbaycan klassik ədəbiyyatının və folklorunun tanınmış tədqiqatçılarından biri olan Salman Mümtazın bayatılarla bağlı “Aşıq Abdulla” adlı kitabı 1927-ci ildə nəşr edilib. Onun kitabının müqəddiməsində Azərbaycan türk folklorunun bu janrının yaranması və təşəkkülü ilə bağlı irəli sürdüyü fikir və mülahizələr bu gün də maraq doğurmaqdadır.

Diqqətə çatdırılıb ki, dosent Rza Xəlilov tərəfindən yenidən çap edilən bu kitab Laçının Güləbird kəndində doğulan, XVII əsrin bayatı ustası olan Sarı Aşığın 420 illiyinə ithaf edilib.

Sonda Folklor İnstitutunun Folklor studiyasının hazırladığı “Ay Laçın: dağıntılardan dirçəlişə” adlı qısahəcmli filmin nümayişi olub.

Seçilən
62
2
azertag.az

3Mənbələr