
Yasamalda yanan binada zərərçəkənlərdən olan jurnalist Heydər Mirzə dövlət qurumları tərəfindən bina sakinlərinə göstərilən və göstərilməyən diqqətdən danışıb.
AFN.az xəbər verir ki, o özünün sosial şəbəkə hesabında bildirib ki, medianı ən çox maraqlandıran sakinlərin hansı dövlət qurumuna müraciət etməsidir: "Biz ilk günlər həyatda qalmaq, əzizləri torpağa tapşırmaq, cinayətin ictimailəşdirilməsi və s. kimi şeylərlə məşğul idik. Bu neçə gündə dövlət qurumlarından burada ancaq polis var, daima buradadır, mühafizə, kənar adamların gəlməməsi və s., hətta sadə şeylərdə kömək də edirlər. Yasamal RPİ və konkret olaraq 28-ci bölməyə bir daha təşəkkür. Prokurorluq da gəlir, maddi sübutlar yığır, və s. Başqa heçkəs gəlməyib".
H.Mirzə bildirib ki, millət vəkili Erkin Qədirli də gəlib, söz verib ki, məsələni Baş Nazirin diqqətinə çatdıracaq. Fövqəladə Hallar Nazirliyindən gələn nümayəndələr isə heç sakinlərlə maraqlanmayıblar: "Yaxınlaşıb soruşmayıblar ki, necəsiz, neynirsiz, Allah rəhmət eləsin və s. Üç zabit idi. Ciddi-ciddi gəzişdilər oraları, çıxdılar getdilər. Salam da vermədilər. Görünür, bəzi yüksək rütbəli zabitlər xilasedicilərin o günkü qəhrəmanlığını özlərinə də yazırlar. Yasamal Rayon İcra Hakimiyyəti buradan 350 metr məsafəsindədir. Bir nəfər də gəlməyib. Əlaqə saxlayan da olmayıb. Bələdiyyə ilə son əlaqəm bir ay əvvəl olub - 152 manat vergini mənə zorla ödətdirəndə. Ünvanlarını belə bilmirik. Vaxtı ilə cinayətkarın xeyrinə qərar çıxaran Yasamal Rayon Məhkəməsinin hakimi xanım Ayşən Sultanova-Məmmədova isə heç gəlməz axı. Bütün bunları nəzərə alaraq, vətəndaşlar qurumlara deyil, Dövlətin Özünə müraciət etmək niyyətindədir. Haqq-ədaləti ancaq Dəmir Yumruq bərqərar edə bilər…"
Qeyd edək ki, H.Mirzənin paylaşımının altında rəy yazan bina sakinləri bu laqeydliyə səbəb kimi onların Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini (MMMC) yaratmalarıdır. Tural Əhmədov adlı sakin yazıb: "Borc yarananda bələdiyyə öldürürdü məni borcunu ödə deyə, hələ faiz də aldılar. İcra hakimiyyətini demirəm, onlar obyektləri olanları daha yaxşı tanıyırlar. Camaat qalıb ortada, hardasız? Nə olsun MMMC sakinləriyik? Başqa vaxtı yada düşmür, indi yada düşdü MMMC olduğu? Heç olmasa gəlib acımıza şərik olsaydınız kafi idi".