ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakının Xəzər rayonunda baş verən və cəmiyyətin vicdanını silkələyən dəhşətli hadisə, yeni doğulmuş körpənin anası tərəfindən dənizə atıldığı iddiası bir daha göstərdi ki, ölkədə təkcə sosial sistemdə deyil, psixoloji dəstək, maarifləndirmə və ailə institutu sahəsində ciddi çatlar mövcuddur.Bir ana doğulan körpəni niyə öldürsün?
Bu sual hər kəsi sarsıdır, amma eyni zamanda acı reallığın üstünə işıq tutur. Cəmiyyət heç vaxt faciələrə səbəb olan kök problemlərlə üzləşmək istəmir. Analıq anlayışının müqəddəsliyi boşluqları gizlətməməlidir.
“Cənnət anaların ayağı altındadır” ifadəsi yalnız gözəl və mənalı kəlam deyil, həm də böyük məsuliyyət yükləyən mənbədir. Amma bu ifadənin arxasında gizlənərək, “ana hər zaman müqəddəsdir, ona görə də baş verən faciələr təkcə şəxsi qəddarlıqdır” demək, sadəcə gerçəyi sadələşdirməkdir.
Cəmiyyət bu hadisəyə şokla reaksiya verdi, amma kimsə özünə sual verdi mi ki, bu qadının psixoloji vəziyyəti necə idi? Doğuşdan sonra tibbi və sosial dəstək alırdımı? Ailədə zorakılıq, təzyiq, tənhalıq, yoxsulluq kimi amillər varmıydı? Sosial xidmətlər nə qədər əlçatan və effektivdir?
Bu suallar verilmirsə, faciələr də təkrarlanacaq...
Bizim cəmiyyət fərdi günahkar tapıb rahat nəfəs almağı çox sevir. Kimsə yanlış addım atdısa, dərhal onu damğalayırıq ki, “qaniçən ana”, “vicdansız”, “insanlıqdan uzaq”. Amma bu tənqidlər kimin üçün rahatdır? Cəmiyyətin öz vicdanı üçün.
Tənqid yalnız qəzəb deyil, həm də çıxış yolu göstərməlidir. Doğuşdan sonrakı psixoloji vəziyyət dövlət səviyyəsində izlənməlidir. Aşağı sosial vəziyyətdə olan analar üçün sosial işçilər mütləq şəkildə ayrılmalıdır. Psixoloji yardım əlçatan olmalıdır.
Bu hadisə təkcə bir ananın deyil, bütöv bir cəmiyyətin və dövlət qurumlarının cavab verməli olduğu sualları üzə çıxardı. Əgər biz bu faciəni yalnız bir qadının üzərinə atıb məsələni bitmiş hesab ediriksə, deməli sabah başqa anaların, başqa uşaqların taleyi də təhlükədədir.
Leyla Mirzə, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.