AZ

Bakıda "5-ci kolonun demarşı", ya "Rusiyanın proletariatı"...


Tik-Tok-da bir qrup azərbaycanlının parkların birində SSRİ bayrağı qaldırdığı video geniş narazılıq doğurub. “Susmayan Sosialist” adlı səhifədə yayılan görüntünün harada çəkildiyi bilinməsə də, SSRİ bayrağının qaldırılması və “Azərbaycan proletariatı, birləşin” şüarı açıq şəkildə keçmiş sovet ideologiyasına nostalgiya yaratmaq cəhdidir.

Azərbaycan cəmiyyəti isə buna sərt reaksiya verib və bu tip sosializm təbliğatını dövlətçiliyə hörmətsizlik kimi qiymətləndirib.

Bu hadisə təsadüfi görüntü deyil, daha çox Rusiyanın ideoloji təsiri altında formalaşmış qrupların, yəni qırmızı rus imperiyasının qalıqları olan “5-ci kolon”un - sosial mediada özünü göstərmək cəhdi kimi təzahür edir. Bu kolon uzun illərdir ki, Azərbaycanda dövlət quruculuğuna qarşı gizli və açıq fəaliyyət göstərib. Sovet dövründə xüsusi imtiyazlara malik bu dairələr müstəqillikdən sonra öz güclərini və ideoloji dayaqlarını itiriblər. Onların bir qismi hələ də Kremlin təsiri ilə SSRİ-nin “qayıdacağına” inanan kiçik, qeyri-real qruplardır.

Bu qrupların məqsədi müstəqillik düşüncəsini zəiflətmək, keçmişə bağlılıq hissi yaratmaq və cəmiyyətin müəyyən hissəsində nostalji formalaşdırmaqdır. Lakin Azərbaycan cəmiyyəti artıq 1990-cı illərdə baş verən faciələri, sovet totalitarizminin nəticələrini və müstəqilliyin hansı zəhmətlə qazanıldığını yaxşı xatırlayır. Bu səbəbdən sosial şəbəkələrdə reaksiya həm emosional, həm də siyasi cəhətdən birmənalı olub: “Bizim bir bayrağımız var - üçrəngli Azərbaycan bayrağı”, “SSRİ deyil, müstəqil Azərbaycan!”

Sosialist sistemi və demokratik sistemin müqayisəsində cəmiyyət hansı yolu seçib?

Bu yerdə Ser Uinston Çörçillin məşhur ifadəsini yada salmamaq ən azı günahdır: “Demokratiya idarəçiliyin ən pis formasıdır, ancaq təəssüf ki, bəşəriyyət bundan mükəmməlini hələ düşünə bilməyib”.

SSRİ bayrağının qaldırılması yalnız nostalgiya deyil, həm də iki fərqli sistemin toqquşmasıdır: biri iflasa uğramış sosialist totalitarizmi, digəri isə Azərbaycan xalqının seçdiyi demokratik inkişaf yolu.

Sosialist sistemi mahiyyəti etibarilə cəmiyyətin bütün sahələrini dövlət nəzarəti altına alan, fərdi azadlıqları minimuma endirən bir quruluş idi. Bu sistemdə mülkiyyət şəxslərə deyil, dövlətə məxsus olurdu və insanlara sərbəst iqtisadi fəaliyyət göstərmək imkanı verilmirdi. Söz və mətbuat azadlığı demək olar ki, yox idi; hər bir məlumat ciddi senzura ilə keçir, fərqli fikir isə təhlükə hesab olunurdu. İctimai həyatda şəxsi təşəbbüsün dəyəri olmadığı üçün, insanlar irəli getmək əvəzinə, sistemin sərt çərçivələri içində susmağa və uyğunlaşmağa məcbur olurdu.

Millətlərin və respublikaların özünüidarəetməsi belə tamamilə mərkəzdən - Moskvadan idarə olunurdu. Sovet hakimiyyəti illərində minlərlə insan repressiyalara, deportasiyalara və siyasi təqiblərə məruz qalmışdı. Qarabağ münaqişəsinin kökləri də məhz bu dövrdə, Bakıdan kənarda, Moskvanın idarəçiliyi və yanlış milli siyasəti nəticəsində qoyulmuşdu. SSRİ dağılanda Azərbaycan kimi respublikalar nəhayət başa düşdülər ki, müstəqillik təkcə siyasi azadlıq deyil, həm də milli kimliyin qorunmasının yeganə yoludur.

Demokratik sistem isə bunun tam əksinə, insanları, cəmiyyəti və dövləti daha sərbəst, açıq və inkişaf yönümlü bir mühitə çıxarır. Azərbaycanın müasir modeli buna nümunədir. Müstəqil dövlət olmaq ölkəyə öz qərarlarını suveren şəkildə vermək imkanı yaradıb. Söz və media azadlığı, inancların sərbəst yaşanması, şəxsi təşəbbüs və biznes qurmaq imkanı cəmiyyətin inkişafına geniş yol açıb. Açıq iqtisadiyyat və beynəlxalq təşkilatlarla əməkdaşlıq ölkəyə həm iqtisadi, həm də siyasi üstünlüklər gətirib.

Bu gün Azərbaycanın güclü ordusu, möhkəmlənmiş sərhədləri və çoxşaxəli diplomatiyası demokratik idarəetmənin nəticəsidir. Müstəqil siyasət yürütmək, terrora və separatizmə qarşı öz gücü ilə dayanmaq və regional güc mərkəzi kimi formalaşmaq yalnız müstəqil demokratik sistemin verdiyi imkanlarla mümkün olub. Buna görə də Azərbaycan cəmiyyəti sosializm dövrünün ağır mirasını deyil, azad və müstəqil dövlətin gələcək perspektivlərini seçdiyini hər addımda nümayiş etdirir.

Bu hadisə göstərir ki, SSRİ-nin qalıqları olan kiçik qruplar hələ də sosial şəbəkələr vasitəsilə cəmiyyətə təsir etməyə cəhd edir. Bu qruplar Azərbaycanın suveren siyasətini qəbul etmir, Rusiyanın postsovet məkanında təsirini bərpa etmək xəyalı ilə yaşayır, cəmiyyətin düşüncəsini zədələmək üçün nostalji və təbliğat üsullarından istifadə edir. Lakin Azərbaycan cəmiyyəti artıq tamamilə fərqli mərhələdədir və bu cür qrupların sosial dayağı çox zəifdir. Onların fəaliyyəti daha çox virtual müstəvidə özünü göstərir və real ictimai güc nümayiş etdirmir.

Yəni SSRİ bayrağı qaldırılması hadisəsi təkcə keçmişi xatırladan epizod deyil, bu, Azərbaycan cəmiyyətinin hansı yoldan keçdiyini və nəyi seçdiyini bir daha göstərir. Keçmişin totalitar sistemi ilə bugünkü müstəqil, öz bayrağı altında yaşayan demokratik Azərbaycanın arasında seçim artıq çoxdan edilib.

Bu gün Azərbaycanda SSRİ təbliğatı aparanlar nə geniş dəstəyə, nə də sosial dayağa malikdir. Cəmiyyət açıq şəkildə göstərdi ki, nə sosializm nostaljisi, nə də “5-ci kolon” Azərbaycan dövlətçiliyinə təsir edə biləcək gücdə deyil. Müstəqil Azərbaycan bayrağı hər bir fərdin seçimi, dəyəri və gələcək vizyonudur.

Akif NƏSİRLİ

Seçilən
85
baki-xeber.com

1Mənbələr