AZ

D-8 ölkələri mediada birgə güc formalaşdırır

D-8 Media Forumu inkişaf etməkdə olan ölkələr arasında media əməkdaşlığını gücləndirməyi, informasiya mübadiləsini genişləndirməyi və qlobal media məkanında birgə mövqelərin formalaşdırılmasını hədəfləyən mühüm platformadır. Bu forum üzv ölkələrin media nümayəndələrini bir araya gətirərək həm müasir çağırışların müzakirəsinə, həm də qarşılıqlı təcrübə mübadiləsinə geniş imkan yaradır. 1,2 milyard əhalini əhatə edən və böyük iqtisadi potensiala malik D-8 təşkilatına üzv olan dövlətlər ortaq dini və mədəni dəyərlərə sahibdirlər. Bu gün artıq üç qitəni birləşdirən D-8 platforması dayanıqlı iqtisadi artım, rəqəmsal transformasiya, süni intellekt, qlobal iqlim dəyişmələri ilə mübarizə və enerji təhlükəsizliyi kimi strateji sahələrdə irəliləyiş üçün geniş imkanlar təqdim edir.

Milli Məclisin deputatı Kamran Bayramov "Azərbaycan" qəzetinə açıqlamasında xatırladıb ki, ötən ilin dekabrın 19-da Misirin paytaxtı Qahirədə keçirilən İnkişaf etməkdə olan səkkiz ölkənin (D-8) XI sammitində Azərbaycan yekdilliklə təşkilata üzv qəbul edilib. Prezident İlham Əliyevin ardıcıl və praqmatik xarici siyasətinin nəticəsi olan bu qərar D-8-in yaranmasından bəri baş tutan ilk genişlənmə kimi xüsusi siyasi önəm daşıdı və beynəlxalq aləmdə ciddi rezonans yaratdı. "Bakıda reallaşan "Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi" mövzusunda D-8 Media Forumu isə bu tarixi addımın davamı olaraq yeni əməkdaşlıq imkanlarının formalaşmasına şərait yaratdı. Forum iştirakçı ölkələr arasında möhkəm dostluğun, etibarlı tərəfdaşlığın və qarşılıqlı inamın real təzahürü kimi çıxış edərək gələcək birgə təşəbbüslər üçün güclü platforma rolunu oynadı", - deyə deputat əlavə edib.

K.Bayramov diqqətə çatdırıb ki, qlobal informasiya mühitinin çağırışları fonunda, Prezident İlham Əliyev "Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi" mövzusunda keçirilən D-8 Media Forumunun iştirakçılarına müraciətində bildirib ki, Azərbaycan media sahəsində bir sıra mötəbər beynəlxalq tədbirlərə evsahibliyi edir, bu istiqamətdə daim mühüm təşəbbüslərlə çıxış edir: "Biz milli media strategiyamızı beynəlxalq təcrübə ilə uzlaşdıraraq, jurnalistlərin peşəkarlığının artırılmasına, faktlara əsaslanan xəbərlərin yayılmasına və media savadlılığının inkişafına xüsusi diqqət yetiririk. Eyni zamanda biz regional əməkdaşlıq vasitəsilə ortaq informasiya platformalarının yaradılmasını dəstəkləyirik. Bugünkü forum dost ölkələrin media qurumları arasında qarşılıqlı təcrübə mübadiləsi üçün əlverişli imkanlar yaradan yeni əməkdaşlıq müstəvisidir. İnanıram ki, burada səslənəcək ideyalar, təkliflər və irəli sürüləcək birgə layihə təşəbbüsləri gələcəkdə D-8 ölkələrinin informasiya siyasətində mühüm rol oynayacaqdır".

Deputat vurğulayıb ki, dövlət başçısının bu fikirləri, eləcə də forumun məqsədləri media sahəsində əməkdaşlığın zəruriliyini daha aydın nümayiş etdirir və qarşıdakı müzakirələr üçün məntiqli bir çərçivə yaradır: "Qlobal informasiya məkanında media mühitinin sürətlə dəyişdiyi bir dövrdə dezinformasiya, saxta xəbərlər, hibrid təhdidlər, "deepfake"lər və süni intellektdən sui-istifadə kimi risklər durmadan artır. Bu şəraitdə D-8 Media Forumunun ən mühüm vəzifələrindən biri doğru, qərəzsiz, obyektiv və məsuliyyətli informasiya mühitinin qurulmasına xidmət etməkdir. Bunun üçün üzv ölkələrin media qurumları arasında etibarlı əməkdaşlığın formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir". 

K.Bayramov əlavə edib ki, D-8 Media Forumunda aparılan müzakirələr və irəli sürülən təşəbbüslər üzv ölkələrin informasiya siyasətində qarşılıqlı etimad, əməkdaşlıq və düzgün informasiya mübadiləsinin artıq strateji bir zərurətə çevrildiyini göstərir. Bu platforma həm dezinformasiyaya qarşı birgə mübarizə, həm də media sahəsində dayanıqlı əməkdaşlığın qurulması baxımından mühüm addım olmaqla, gələcək regional və qlobal proseslərdə D-8 ölkələrinin informasiya gücünü daha da artıracaq.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
21
azerbaijan-news.az

1Mənbələr