2025-ci il noyabrın 10-21-də Braziliyada, Amazoniyanın paytaxtı hesab edilən Belem şəhərində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası (COP30), habelə konvensiyanın Kioto Protokolu və Paris Sazişinin Tərəflərinin Toplantısı keçirildi. Builki COP həm də Paris Sazişinin qəbul edilməsinin 10 illiyinə təsadüf etdi.
Əvvəlcədən də bəyan edildiyi kimi, COP30 əvvəlki toplantılardan fərqli olaraq, əsas diqqəti indiyədək qəbul edilmiş qərarların icra mexanizmlərinin işlənib hazırlanmasına yönəltməli idi və bir növ "ədalət COP" kimi yadda qalmalı idi. Belə ki, ilk növbədə qlobal səviyyədə qalıq yanacaqlarının istifadəsinə son qoyulması və ədalətli keçidin təmini, habelə iqlim dəyişmələrinə uyğunlaşma (adaptasiya) fəaliyyətlərinin izlənilməsi üzrə müvafiq mexanizmlər yaradılmalı idi. Eyni zamanda adaptasiya üçün maliyyə öhdəliyinin qəbulu, iqlim maliyyəsi üçün daha yüksək hesabatlılıq və meşələrin qırılmasına qarşı mübarizə məsələləri COP30-un iddialı paket razılaşmasının əsas elementləri idi.
COP29-dan fərqli olaraq, ciddi təşkilati nöqsanlar, təhlükəsizlik problemləri ilə təşkil edilən beynəlxalq iqlim konfransında gərgin şəraitdə keçən danışıqlar prosesinin sonunda COP30-un əsas hədəflərindən biri olan qalıq yanacaqlardan istifadəyə qlobal səviyyədə son qoyulması məsələsi ölkələrin ciddi qarşıdurması ilə nəticələndiyinə görə, yekun qərar mətnindən çıxarıldı. Belə ki, sessiyanın sonuncu günü tərəflərin çətinliklə razılaşdıra bildiyi 59 maddədən ibarət qərara, yəni "Qlobal səylər: İqlim dəyişmələri əleyhinə qlobal səfərbərlik naminə bəşəriyyətin birliyi" adlı sənədə qalıq yanacaqlardan istifadəyə son qoyulması məsələsinin daxil edilməsinə 90 ölkənin (Avropa İttifaqı ölkələri, Çili, Kolumbiya, Kosta Rika, Meksika, Qvatemala, Honduras və s.) inadkar səylərinə baxmayaraq, Səudiyyə Ərəbistanı, Rusiya, Hindistan, Misir, İran və bir sıra digər əsasən iri neft-qaz ölkələri tərəfindən imkan verilmədi. Bununla əlaqədar, COP30 prezidenti Andre Korrea do Laqo yekun qərar layihəsi üzrə razılığa nail olmaq üçün sözügedən 90 ölkəyə söz verdi ki, qalıq yanacaqlardan istifadədən imtina məsələsi və meşələrin qırılmasına qarşı mübarizə üzrə müvafiq iki yol xəritəsi əsasında COP30 prezidentliyi növbəti il ərzində danışıqlar prosesini davam etdirəcəkdir.
Hərçənd ki, bu prosesin BMT çərçivəsində aparılması təklifi yenə də ümumi dəstək qazana bilmədi. Yeganə kompromis təklif olaraq, qərarın 41-ci maddəsində Qlobal İcra Sürətləndiricisi təşəbbüsü irəli sürüldü ki, bu təşəbbüsə görə bütün ölkələr qlobal istiləşmənin 1,5 dərəcə selsi səviyyəsində saxlanılması üçün öz NDC (Milli Səviyyədə Müəyyən Olunmuş Töhfələr) və MAP (Milli Adaptasiya Planı) sənədlərini icra etməlidirlər və əldə edilmiş nəticələr müvafiq informasiya sessiyaları zamanı bəyan ediləcəkdir.
Məlumat üçün bildirək ki, Qlobal Qiymətləndirmə prosesi barədə sənəd 2023-cü ildə Dubayda keçirilmiş COP28-də qəbul edilmiş tarixi qərarlardan biri olmuşdur. Bu qərarda, ilk dəfə olaraq, bütün ölkələr tərəfindən "qazıntı yanacaqlarından uzaqlaşmaq" öhdəliyi irəli sürülmüş, lakin keçid üçün heç bir zaman qrafiki və buna necə nail olmaq barədə heç bir konkret tədbir göstərilməmişdir. Bu mənada COP28-in əsas nailiyyəti təbii qaz, kömür və xam neft də daxil olmaqla, qalıq yanacaqlardan uzaqlaşmaq öhdəliyi hesab olunurdu. Hətta həmin dövrdə belə yuxarıda qeyd olunan neft-qaz, kömür istehsalçısı olan ölkələrin şiddətli lobbiçiliyinə baxmayaraq, son razılaşma mətninə "mərhələli şəkildə imtina" çağırışı daxil edilmişdi. COP30-un son qərarında "qazıntı yanacağı" ifadəsi, ümumiyyətlə, mövcud deyildir.
COP30-dan fərqli olaraq, COP29 prezidentliyi beynəlxalq iqlim ictimaiyyəti tərəfindən qarşıya qoyulmuş əsas hədəfə, yəni İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədini (NCQG - New Collective Quatified Goal) ehtiva edən qərarın qəbul edilməsinə nail olmuşdu.
Xatırladaq ki, iqlim danışıqlarının ən həssas və çətin predmetini təşkil edən iqlim maliyyəsi barədə bu qərarla iqlim fəaliyyətləri üçün inkişaf etməkdə olan ölkələrə 2035-ci ilədək hər il maliyyə dəstəyi hədəfi əvvəlki illərdəki 100 milyard ABŞ dollarından ən azı 300 milyard ABŞ dollarınadək, yəni ən azı 3 dəfə artırılmışdır. Belə ki, əvvəlki illərdə çətinliklə yerinə yetirilmiş "illik 100 milyard" hədəfinin birdən-birə ən azı 3 dəfə artırılması, habelə 2035-ci ilədək iqlim maliyyələşməsinin ən azı 1,3 trilyon ABŞ dollarınadək çatdırılması barədə tarixi qərarın qəbulu üçün bütün ölkələr COP29 prezidentliyi tərəfindən uğurla səfərbər edilmiş və onun bu fəaliyyəti bütün ölkələr tərəfindən rəğbətlə qarşılanmışdı. Bundan əlavə, COP30-da adaptasiya üçün maliyyə öhdəliyinin qəbulu məsələsi üzrə Qlobal Cənub ölkələrinin səyləri öz nəticəsini verdi. Belə ki, "Qlobal səylər: İqlim dəyişmələri əleyhinə qlobal səfərbərlik naminə bəşəriyyətin birliyi" adlı yekun qərarın 53-cü bəndində, məhz COP29-da Bakıda qəbul edilmiş İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG) haqqında 1/CMA.6 saylı qərar çərçivəsində 2035-ci ilədək adaptasiya üçün maliyyələşmənin 2035-ci ilədək ən azı 3 dəfə artırılmasının (yəni 120 milyard ABŞ dolları) zəruriliyi qeyd olundu. Bundan əlavə, COP30-un yekun qərarının 48-ci maddəsində COP29 zamanı qəbul edilmiş NCQG haqqında qərarın əhəmiyyəti xüsusi vurğulanaraq, "1,3 T üçün Bakıdan Belemə doğru Yol Xəritəsi" sənədinin hazırlanmasında COP29 prezidentliyinin rolu yüksək qiymətləndirilmiş və 2035-ci ildən iqlim maliyyələşməsinin 1,3 trilyon ABŞ dolları səviyyəsinə çatdırılması üçün COP29 və COP30 prezidentliklərinin həyata keçirdiyi fəaliyyətlər alqışlanmışdır. Bundan əlavə, COP30-un yekun qərarının 15-ci maddəsində sessiya zamanı qəbul edilmiş Bakı İqlim Birliyi Paktına və digər qərarlara görə COP29 prezidentliyinə xüsusi təşəkkür ifadə edilmişdir.
COP30-un önəmli nəticələrindən biri "Ədalətli keçid üzrə İş Proqramı" ("just transition work programme" (ÆTWP)) barədə qərarın qəbul olunmasıdır. Belə ki, sessiyanın cəmi ikinci günü "G77 + Çin" qrupu tərəfindən ədalətli keçid üçün texniki dəstək, beynəlxalq əməkdaşlıq və iqlim qərarlarının icrasındakı boşluqların aradan qaldırılmasını ehtiva edən təklif təkmilləşdirilərək sonda qərarlaşdırılmışdır.
COP29 zamanı əldə edilmiş digər uğurlu nəticələrdən biri də İtki və Zərər Fondunun institusionallaşması barədə müvafiq qərarın qəbulundan ibarət olmuşdur. Hələ Misirin Şarm-əl-Şeyx şəhərində keçirilmiş COP27 zamanı yaradılması qərara alınmış, lakin COP29-a qədər yalnız kağız üzərində qalmış İtki və Zərər Fondunun işlək bir quruma çevrilməsi iqlim dəyişmələrinin neqativ təsirlərindən ən çox zərər görmüş inkişaf etməkdə olan dövlətlərin uzun müddət əsas arzularından biri olmuşdur.
Məlumat üçün qeyd edək ki, hələ Dubayda keçirilmiş COP28-də müxtəlif ölkə və donor təşkilatlar tərəfindən fonda təqdim edilməsi vəd edilmiş 770,6 milyon ABŞ dolları məbləğində vəsaitin və əlavə vəsaitlərin növbəti 4 ildə idarə edilməsi mexanizmi müəyyən edilməsinə baxmayaraq, COP30-da bu məbləğin cəmi 397 milyon dollar hissəsinin faktiki ödənməsi və bu məbləğin əsasən elmi-texniki araşdırma məqsədləri üçün istifadəsi bir çox iştirakçı ölkədə təəssüf doğurmuşdur. Müvafiq Varşava Beynəlxalq Mexanizmin illik birgə hesabatının COP30 zamanı qəbulu prosesində isə Beynəlxalq Ədalət Məhkəməsinin itki və zərərlə bağlı ölkələrin məsuliyyəti barədə rəyinin sənədə daxil edilməsi məsələsi Ərəb liqası dövlətləri tərəfindən rədd edilmiş və faktiki olaraq, nəticədə sənədə zəif diplomatik ifadələr daxil edilmişdir.
COP29-un əvvəlki qlobal iqlim konfranslarından effektivlik baxımdan üstünlüyünü ifadə etməyə əsas verən digər önəmli nəticələrdən biri də karbon ticarəti və digər qeyri-market mexanizmləri barədə olan Paris Sazişinin 6-cı maddəsinin icrasının reallaşdırılması üçün müvafiq qaydaların yaradılması barədə tarixi qərarların qəbulundan ibarət olmuşdur. Bu məsələ əvvəldən COP29 sədrliyinin əsas prioritetlərindən biri olmuşdur və intensiv ikitərəfli texniki və siyasi danışıqlar prosesinin uğurlu təşkili sözügedən məsələlərdə tarixi uğura yol açmışdır. COP30 zamanı bu istiqamətdə önəmli irəliləyiş əldə olunmamışdır. Belə ki, dövlətlərarası karbon ticarətinə aid olan maddə 6,2 üzrə qəbul edilmiş COP30 qərarında yalnız həyata keçirilən bu əməliyyatların qiymətləndirilməsi prosesində müəyyən edilən hər hansı hesablama və metodologiya üzrə qeyri-müəyyənliklərin ekspertlər tərəfindən aydın izahının təqdim edilməsi və onların aradan qaldırılması yollarının əks etdirilməsi ifadə olunmuşdur.
Paris Sazişinin 6.4-cü maddəsi üzrə ölkələr arasında ciddi qarşıdurma müvafiq karbon ticarəti mexanizminə nəzarət edən Nəzarət Orqanının (Supervisory Body) üzvlərinin fəaliyyət müddətinin daha ikiillik müddətə uzadılması, ticarət edilmiş emissiyaların təkrar atmosferə sızması təhlükəsi və sairə ətrafında baş vermişdir. Bütün bu məsələlər COP30 zamanı razılaşdırılmamış, nəticə etibarilə qəbul edilmiş son qərarda hamıya məlum prinsip əks olunmuşdur. Belə ki, burada Nəzarət Orqanının üzvlərinin karbon ticarəti əməliyyatlarına nəzarət prosesində bitərəfliyini pozan hər hansı şəxsi, maliyyə və digər marağının olmaması təkrar ifadə edilmişdir.
COP30-un digər uğursuzluqlarından biri də hələ COP26-da qəbul edilmiş Mitiqasiya İş Proqramının (Mitigation work programme (MWP)) icrası üzrə müvafiq rəqəmsal platformanın yaradılması barədə qərarın razılaşdırılmasına nail olunmuşdur. Halbuki ilkin olaraq ekspertlər tərəfindən bu məsələyə danışıqlar prosesinin ən sadə və maneəsiz məsələlərindən biri kimi baxılırdı.
Digər məsələlərdən biri Adaptasiya üzrə Qlobal Məqsədlə (GGA) bağlıdır. COP29 zamanı bu məsələ ilə bağlı yekun sənəd qəbul olunmuşdur ki, burada sözügedən məqsədə nail olunması istiqamətində açar məsələlərdən hesab edilən göstəricilər (indikatorlar) üzrə iş proqramının COP30-a qədər yekunlaşdırılması üçün yol xəritəsi əks edilmişdir. Konkret olaraq, 3/CMA.6 nömrəli qərarın 34-cü paraqrafında ölkələrə könüllü surətdə öz İkiillik Şəffaflıq hesabatlarını (BTR) Qlobal İqlim Dayanıqlığı üzrə BƏƏ Çərçivəsi nəzərə alınmaqla hazırlanması barədə çağırış ifadə olunmuşdu. Lakin COP30 zamanı Adaptasiya üzrə Qlobal Məqsəd barədə qəbul edilmiş qərarda indiyədək müzakirə olunan 10 minə yaxın göstəricidən cəmi 100-nün saxlanılması adaptasiya fəaliyyətlərinin ölçüləbilənliyi üçün yetərli olmaması baxımından bir çox ekspertdə təəssüf hissi doğurmuşdur.
COP30 zamanı hələ Bakı COP-unda yenilənmiş Gender üzrə Lima İş Proqramı ilə əlaqədar yeni "Gender Fəaliyyət Planı" barədə qərarı qəbul olunmalı idi. Lakin müzakirələr zamanı gender anlayışının tərifi ətrafında olan fikir ayrılıqları, xüsusən də Vatikan təmsilçisi tərəfindən gender məsələsinin bioloji varlıq kimi yalnız kişi və qadından ibarət olması fikrinin bir sıra Avropa ölkələri tərəfindən inkar edilməsi nəticə etibarilə qeyd olunan məsələ üzrə də yekun qərarın qəbulunu qeyri-mümkün etmişdir.
Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri