AZ

Ən gənc Vətən Müharibəsi Qəhrəmanı

Vüsal Yaqubovun örnək olan döyüş gündəliyi

Vətən Müharibəsi Qəhrəmanı: "Mən ehtiyatda olan bir əsgər kimi bir çox tədbirdə iştirak etmişəm. Orada qeyd edirdim, cənab Ali Baş Komandanımıza dərin minnətdarlığımı bildirirəm ki, məni 19 yaşımda "Vətən Müharibəsi Qəhrəmanı" adı ilə təltif edib. Şükür Allaha, bu gün öz doğma torpağımızda Sizinləyik. Sizə təşəkkürümü bildirirəm ki, məni və döyüş yoldaşlarımı yüksək fəxri adlarla qiymətləndirmisiniz. Çox təşəkkür edirəm".

Prezident İlham Əliyev: "Çox sağ ol, mən sənə təşəkkür edirəm, sənin simanda bizim bütün qəhrəman övladlarımıza. Onlar sinəsini qabağa verib düşməni torpağımızdan qovublar. Bax, belə igidlər hesabına biz bu gün burada dayanmışıq".

25 oktyabr 2021-ci ildə Prezident İlham Əliyevin Qubadlı sakinləri ilə öz dədə-baba yurdlarında görüşü zamanı Müzəffər Ali Baş Komandanla Vətən müharibəsinin ən gənc qəhrəmanı Vüsal Yaqubov arasında aparılan bu dialoqu xalqımızı bütöv Azərbaycana qovuşduran ümummilli idealların, mübarizənin qısa şərhi kimi də dəyərləndirmək olar. 

Bu, ana torpaq uğrunda son damla qanına qədər ölüm-dirim mübarizəsinə hər an hazır olan qəhrəman oğullarımızın rəşadətini, Azərbaycan uğrunda bütün dünyanı qarşısına almağa qadir olan qalib liderin amalını tam gerçəklikləri ilə nümayiş etdirən və hədəfi bütöv Azərbaycan olan Vətən dialoqu idi.

O gün azad Qubadlıda Zəfərin ən gənc qəhrəmanı Vüsal Yaqubov cəmi 19 yaşındaykən onu bu şərəfli ada layiq görən Müzəffər Ali Baş Komandanına minnətdarlığını bildirirdi... 

Həmin gün Prezident İlham Əliyev Vətən Müharibəsi Qəhrəmanı Vüsal Yaqubovun timsalında cəsur, əzmkar, mərd Azərbaycan oğullarına Qarabağı əsl sahiblərinə qaytardıqları üçün təşəkkürünü çatdırırdı...

19 yaşında tarix yazdı 

"Həmin vaxt həyatımdakı ən unudulmaz günlərdən birini yaşadım. Məni İkinci Qarabağ müharibəsinin ən uca - "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görən Prezident İlham Əliyevlə ata yurdum Qubadlıda görüşmək, danışmaq, ondan xoş sözlər eşitmək bir başqa qürur idi. Bu dünyaya gözümü məcburi köçkün kimi açmışam. Yalnız valideynlərimin anlatdıqları qədər tanıdığım Qubadlıya Vətən müharibəsi sayəsində  qədəm qoya bildim. Doğma torpağıma qalib əsgər kimi qovuşmağın özü də mənim üçün  təsvirəgəlməz hiss idi. Bütün bu fəxarətli tarixləri  xalqımız, dövlətimiz Prezident İlham Əliyevin ölkəmizə müdrik rəhbərliyi sayəsində qazanıb. Mən də bir əsgər, bir vətəndaş olaraq Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin hər an hər bir əmrini yerinə yetirməyə hazıram".

19 yaşındaykən Vətən müharibəsində tarix yazaraq xalqımızın qəhrəmanına çevrilən Vüsal Yaqubovla Zəfərimizin, "Vətən Müharibəsi Qəhrəmanı" adının təsis olunmasının beşinci ildönümündə başdan-başa igidliklərlə dolu döyüş yoluna bir daha özü ilə bərabər nəzər saldıq. 

2 mart 2001-ci ildə Bakının Əhmədli qəsəbəsində məcburi köçkün ailəsində dünyaya göz açıb Vüsal Elşən oğlu Yaqubov. Anası Füzulidən, atası Qubadlı rayonunun Yusifbəyli kəndindəndir. O, lap kiçik yaşlarından yurd həsrətinin nə olduğunu bilib, ata-anasının ötən illər ərzində doğma torpaqlarından ötrü necə həsrət çəkdiklərinin şahidi olub. 1993-cü ildə işğal zamanı Qubadlını ən son tərk edənlərdən biri də Vüsalın atası imiş. O, evlərindən çıxanda ermənilərin qohumlarını necə öldürməsini gözləri ilə görmüşdü. Həmin vaxt elə atası Elşən də öldürülməkdən, düşmənə əsir düşməkdən birtəhər canını qurtararaq təkbaşına Cəbrayıl rayonuna qədər gələ bilmişdi.

Vüsal danışır ki, kiçik yaşlarından həmin dəhşətli anları gözünün önündə canlandırır, ürəyində düşməndən qisas almaq hissi coşurdu. Bütün bu yaşanan faciələr onda hərbçi olmaq arzusunu oyadırdı. 

- Məktəbdə oxuduğum dövrdə "Şahin" hərbi oyunları keçirilirdi. Mən məktəbimizdə şagirdlər arasında taqım komandiri seçilirdim və o oyunlarda həvəslə iştirak edirdim. Dərslərlə paralel idmanın cüdo növü üzrə də məşğul olurdum. Yəni hələ erkən yaşlarımdan fiziki hazırlığımı artırır, gələcəkdə yaxşı döyüşçü olmaq üçün bacarıqlarımı inkişaf etdirirdim. Bilirdim ki, nə vaxtsa düşməndən mütləq qisasımızı alacağıq. 

Bir tabor məhv edildi

Vüsal Yaqubov hərbi sahəyə olan hədsiz istəyinə görə, 2019-cu ildə oxuduğu kollecdə (Göyçay rayon İdarəetmə və Texnologiya Kolleci) könüllü olaraq təhsilini dayandırıb hərbi xidmətə yollanır. Bir aydan sonra Xüsusi Təyinatlı Qüvvələrin seçimi ilə Cəlilabadda yerləşən "N" saylı hərbi hissəyə göndərilir və əsgəri xidmətini orada davam etdirir. Çox çətin təlimlərdən keçir. İkinci Qarabağ müharibəsindən 8 ay əvvəl isə, sanki həqiqi döyüşün içərisindədir kimi,  durmadan dağ təlimlərində olur. Həmin vaxt Vüsal özü də bilmir ki, qarşıda onu əsl savaş gözləyir.

- Tərxis müddətimə cəmi 4 gün qalmışdı, evə qayıtmağa hazırlaşırdım. Amma düşmənin növbəti təxribatının qarşısını almaq üçün ordumuz əks-hücum əməliyyatlarına başladı. Mən də Xüsusi Təyinatlı Qüvvələrin döyüş bölməsinin əsgəri kimi savaşa qatıldım. 

Füzulinin Horadiz qəsəbəsinin postlarından başlayaraq, rayonun bir çox kəndini azad etdik. Bu ərazilərdə minalanmış sahələr, düşmən postları çox idi. Bütün çətinliklərə baxmayaraq irəliləyirdik. Adsız yüksəkliklərin birində yarımçıq düzəldilmiş səngərin içində dincəlmək məqsədilə dayandıq. Həmin vaxt gizirimiz dedi ki, tank səsi gəlir, qumbaraatanlar mövqe tutsunlar. Bir qədər sonra qumbaraatanlarımız yaxınlaşan düşmən "Kamaz"ını vurdular. "Biz onun sürücüsünü susdurduq, bundan sonra düşmənə sursat və təminat aparan daha iki "Kamaz" gəldi. Bir az ara sakitləşdi, biz mərmilərimizi doldurmağa başladıq. Bu zaman snayperçimiz dedi ki, soldan düşmənin şəxsi heyəti gəlir. Ara məsafəmiz 350 metr olardı. Düşmənin döyüşçüləri yol döngəsindən dönürdülər, öndə isə komandirləri irəliləyirdi. Taqım komandirimiz fənd işlədib düşməni "ölü bölgə"yə salmaq üçün pusquya çəkdi və uzaqdan gülləni onların komandirlərinin başına vurdu. Biz isə şəxsi heyətin arxaya qaçmasına imkan vermədik. Minaatanlarımız məsafəni hesablayıb mərmiləri elə atdılar ki, ortalarına düşdü və düşmənin bir tabor əsgəri məhv edildi".

     

Qəhrəman olduğu gün 

Həmin uğurlu döyüşdən sonra Vüsalgilin taqımı xüsusilə seçilir. Füzulinin bir çox kəndini azad edərək rayona daxil olmadan əks tərəfdən iki gün palçıqlı sahələrlə yol qət edərək Cəbrayıla çatırlar. Burada da Silahlı Qüvvələrimiz düşməni darmadağın edərək onu qaçmağa məcbur edir və bayrağımızı Cəbrayıl rayonunun girişində dalğalandırırlar. Daha sonra 14 gün Füzuli uğrunda ölüm-dirim savaşı apararaq rayonun mərkəzini tam azad edirlər və bundan sonra Xocavənd rayonuna doğru istiqamət alırlar.

Vüsalın həyatda heç zaman yadından çıxmayacaq savaş səhnəsi Xocalının Sığnaq kəndində olur. Elə burada göstərdiyi şəxsi igidliyə görə Prezident İlham Əliyev tərəfindən "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülür. 

- Sığnaq kəndində tutduğumuz mövqenin arxasında bölmələrimiz düşmənlə döyüşürdülər. Mən isə yolun mühafizəsində dayanmışdım. Birdən əsgər yoldaşım dedi ki, Yaqubov, bizim formada şəxsi heyət görünür. Dedim ola bilsin ki, bizə kömək gəlir. Sonra isə düşündüm ki, bizə kömək gecə saat birdə gəlib çatacaq, indi o vaxt deyil, saat 17-18 radələridir. Amma yenə də dedim ki, get bax.

Bu zaman başımı sağa çevirəndə gördüm ki, palçıqlı, ağ rəngli bir "Pikap" meşənin içərisindən yola çıxır. Maşının arxasında da iriçaplı pulemyot var. Aramızda 40 metr məsafə olardı. Arxadan baxanda üzərindəki döyüşçünün kaskası bizim milli ordunun kaskasına oxşayırdı. Bir anlıq tərəddüd etdim ki, birdən öz döyüşçümüz olar, amma aramızdakı məsafə bir az da azalanda o, məni gördü və dərhal gözünü nişangaha qoydu ki, vursun. Mən ondan cəld davranaraq pulemyotla onun alnından vurdum.

Bu vaxt onun başı pulemyotun üzərinə əyildi, sadəcə əli tətikdə olduğu üçün güllələr gəlib yanıma mövqe üçün qoyduğum dəmirə dəydi, amma qəlpələri məni də tutdu. Buna baxmayaraq silahı susdurmadım, atış vəziyyətində saxladım, düşmənin maşınının içərisindəkilərə xəsarət yetirdim. Daha sonra əl qumbarasını çəkib maşının arxasına atdım və bundan istifadə edib yerdəyişmə etdim, hardasa 10 saniyə sonra onlar mənim çıxdığım yeri RQB qumbaraatanı ilə vurdular.

Sonra bildik ki, məni vurduqları "Pikap"dan əlavə daha bir "Pikap" da var imiş, onların arxasında isə 11 nəfərlik şəxsi heyət dayanıbmış. Hamısı xüsusi təyinatlılar idi. Mən birinci maşındakıları vurandan sonra digərləri qorxaraq dərəyə qaçmışdılar.

Məhz həmin vaxt düşmənin xüsusi təyinatlı alayının 20-yə yaxın döyüşçüsü ilə təkbaşına döyüşdüyümə görə "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görüldüm.

"Yaralı halda Böyük Tağlar kəndinə bayrağımızı sancdım"

 

Vüsalgilin taqımı qəhrəmanlıqla Sığnaq kəndini də azad etdikdən və 4 gün mühafizəsini saxlayıb qüvvələrimizə təhvil verdikdən sonra üz tuturlar Şuşanı azad etməyə. Əvvəlcə Daşaltı istiqamətinə gedirlər, amma kəndə girmədən yolun solu ilə gedib meşənin içindən yoldaşları ilə birgə iki gün Laçın dəhlizini müşahidə edirlər. 

- O zaman mülki ermənilər Şuşadan çıxırdı, təkər dolu "Kamaz"lar yola daxil olurdu. Dəhlizin sağından ekskavator torpaq yolla səngər qaza-qaza gedirdi. Yolboyu ancaq səngər idi və düşmən onların içində pulemyotçularla qumbaraatanlar yerləşdirmişdi. Yəni düşmənin ciddi şəkildə müdafiəyə hazırlaşdığını görürdük. Amma fikirləşməmişdilər ki, biz sıldırım qayalardan çıxaraq gələ bilərik. Ona görə də ancaq yolu tutmuşdular.

Şuşaya az qalmış iki təpə var idi, biri alçaq, digəri nisbətən hündür idi. Noyabrın 4-də orada atışma oldu, birinci təpəni götürdük. İkinci təpənin üstü erməni əsgərləri ilə dolu idi. Sonradan onların çoxu Şuşanın mərkəzinə hərəkət etdiyi üçün orada cəmi 4 erməni qaldı, onlar da qumbaraatanlardan atəş açırdılar. Daxili Qoşunlarımızın snayperçisi onları zərərsizləşdirəndən sonra hücum edib təpəni aldıq. Bir taqımımız burada  yerləşdi, qalanlarımız vaxt itirmədən Şuşanın içinə doğru istiqamətləndik.

Noyabrın 6-da biz Şuşaya girəndə bölmələrimiz artıq düşmənin axırına çıxmışdılar. Yolların ətrafı düşmən cəsədləri ilə dolu idi, amma tək-tük sağ qalanlar da vardı. Biz Bülbülün evinə qədər getdik. Ondan sonra döyüşçülərimiz qalada mövqe tutmaq istəyirdilər ki, tankla oranı vurdular. Əsgər yoldaşlarım yaralansalar da, qətiyyətlə təxliyə olunmaq istəmədilər və döyüşü davam etdirdilər.

Özüm də Xocavəndin Böyük Tağlar kəndində yaralanmışdım, lakin bir an da döyüşü dayandırmaq fikrində olmamışdım. Hətta yaralı halda həmin kəndə bayrağımızı sancmışdım.

Şuşanı azad etdikdən sonra istiqamətimiz Şuşakənd idi. Həmin vaxt düşmən kapitulyasiya - məğlubiyyət aktını imzaladı.

Beləliklə, taqımımız hünərli döyüş yolu keçib sona qədər cəsarətlə vuruşdu və əldə olunan böyük Zəfərdə payı oldu.

Düşmən xüsusi təyinatlılarımızı görəndə bilirdi ki, artıq ölüm yaxındadır

Müharibə bitdikdən sonra Vüsal Yaqubov Şuşada beş həftə qalır, daha sonra Cəlilabada qayıdır. Amma ailəsi burada onu üzücü bir xəbərlə qarşılayır. Öyrənir ki, əmisi Fəxrəddin Yaqubov Vətən müharibəsi bitəndən sonra, noyabrın 26-da düşmən tərəfindən öldürülüb.

Fəxrəddin Yaqubov 44 günlük müharibə zamanı Cəbrayıl, Füzuli, Qubadlı və Laçın istiqamətlərində gedən döyüşlər zamanı şəhid olan və yaralanan hərbçilərimizi  döyüş meydanından çıxaran təcili tibbi yardım avtomobilinin sürücüsü olub. O, noyabrın 22-də Laçın rayonu ərazisində azaraq Ermənistan Ordusunun olduğu əraziyə daxil olub və orada əsir götürülərək öldürülüb. Nəşi noyabrın 30-da Azərbaycan tərəfinə təhvil verilib. Vüsal hərbi xidmətdə olduğu üçün ailəsi əmisinin ölüm xəbərini ona bildirməyib. 

- Müharibənin qələbə ilə başa çatması təkcə döyüşçülərin qəhrəmanlığına görə deyil, müdrik rəhbərin, qətiyyətli liderin bacarığı sayəsində mümkün olur. Qarabağ zəfərini bizə Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək komandanlıq qabiliyyəti, səriştəsi qazandırdı.

Cənab İlham Əliyev tərəfindən orduya göstərilən yüksək diqqət və qayğının təzahürü idi ki, qəhrəman döyüşçülərimiz cəmi 44 gün ərzində düşməni torpaqlarımızdan qovub çıxardı. O cümlədən də döyüş üçün yüksək səviyyədə yetişdirilən Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüləri savaş meydanında öz sözlərini dedilər. Düşmən bizdən çox qorxurdu, xüsusi təyinatlılarımızı görəndə bilirdilər ki, artıq ölüm onları haqlayıb.

"Vətənim Azərbaycanın inkişafı, uğurları üçün hər zaman səylə çalışacağam"

-  Ata-anam doğulduqları yurdlarına düz 30 ildən sonra, Zəfər sayəsində yenidən üz tutdular. Onların uşaqlıq çağları, ömürlərinin yarısı bu torpaqlarda keçmişdi. İllərdən sonra həmin yurda qədəm qoymaları, öz uşaqlıq illərini gözləri qarşısına gətirmələri insanı duyğulandıran səhnələr idi... 

Atamgilin vaxtilə Qubadlıda yaşadıqları evə gedəndə dağılmış, xarabalığa çevrilmiş, yalnız quruca divarlardan ibarət bir "evə" daxil oldum. Orada köhnəlmiş, paslanmış bir yataq gördüm, hansı ki atam uşaqlığında orada yatıb. O an atamın kövrək, qəhərli gözlərinə baxdım. Mən də kədərləndim... 

Bilirsiniz, əslində, orada iki hissi - sevinc və kədəri eyni anda yaşadım. Pis oldum ona görə ki, atamın bütün xatirələri bu evdə qalmışdı. Sevindim, ona görə ki, həmin köhnəlmiş xatirələrin sahibi illər sonra öz doğma torpağına, od-ocağına yenidən qovuşmuşdu... 

Biz xalq olaraq çox çətinliklərdən, məşəqqətlərdən keçdik, amma əyilmədik, sınmadıq, haqq mübarizəmizi sonadək davam etdirib Zəfər çaldıq.  

Azərbaycan gəncliyinə tövsiyəm ondan ibarətdir ki, Vətəni daim sevsin, torpaqlarını hər zaman qorusun, özündən sonra gələn bütün nəsillərə 8 Noyabr 2020-ci il Şuşa Zəfərini çatdırsın. Və ən əsası bu qədər igidin torpaqlarımız uğrunda nə üçün döyüşdüyünü əsla unutmasınlar.

Vətən müharibəsində "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunan Vüsal Yaqubovun sözlərinə görə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin  etimadını doğrultduğu üçün qürur hissi keçirir. 

Əfsanəvi qəhrəmanımız Vüsal Yaqubov həm də o mənada qürurludur ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev onu "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görüb. 

Zəfərimizin ən gənc qəhrəmanının yeganə hüznü isə müharibədə çiyin-çiyinə vuruşduğu bəzi döyüşçü yoldaşlarının şəhid olmasıdır. Hər zaman vurğulayır ki, əgər o bu gün həyatdadırsa, bu, məhz şəhidlik zirvəsinə ucalan qardaşlarının qəhrəmanlığı sayəsində mümkün olub: "Gələcəkdə də istər hərb,  istər mülki olsun, çalışdığım işdən və bölgədən asılı olmayaraq, Vətənim Azərbaycanın inkişafı, uğurları üçün hər zaman səylə çalışacağam".

Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Seçilən
21
azerbaijan-news.az

1Mənbələr