AZ

Ürək sağlamlığının yeni xəritəsi

Ürək-damar xəstəlikləri uzun illərdir ki, dünyada ölümün əsas səbəblərindən biridir. Tibb elminin son nailiyyətləri isə göstərir ki, ürəyi qorumağın yolları həm gözlənildiyindən daha sadə, həm də bəzən ən müasir texnologiyaların imkanlarına söykənəcək qədər mürəkkəbdir. Dünyanın müxtəlif ölkələrində aparılan tədqiqatlar gündəlik addımlamadan tutmuş gen redaktəsinə qədər fərqli sahələrdə ürək sağlamlığını əhəmiyyətli dərəcədə dəyişdirə biləcək yeni faktlar ortaya qoyur.

Ən maraqlı araşdırmalardan biri Böyük Britaniyada aparılıb. Səkkiz il ərzində 40-79 yaşarası 33 min insanın addımlama vərdişləri izlənilib və məlum olub ki, ürək sağlamlığını qoruyan əsas amil addımların ümumi sayı deyil, gəzintinin fasiləsizliyi və tempidir. Gündə cəmi 5000 addım atan insanlar belə, 10-15 dəqiqəlik fasiləsiz gəzintilər etdikdə ürək xəstəliyi riskini əhəmiyyətli dərəcədə azaldıblar. Sidney Universiteti və Universidad Europea alimlərinin araşdırması da bu nəticəni təsdiqləyir.

Tədqiqatçılar bildirirlər ki, son illər dillərdən düşməyən "gündə 10 min addım" qaydasının heç bir elmi əsası yoxdur. Bu rəqəm 1960-cı illərdə Yaponiyada pedometr reklamının marketinq şüarı kimi ortaya çıxmışdı. Elmi cəhətdən sübut olunan isə budur: gün ərzində hərəkət artdıqca ürək-damar sistemi daha güclü qorunur.

 

Yeni elmi inkişaflar

 

Ürək sağlamlığına təsir edən ən mühüm amillərdən biri qidalanmadır. "The Lancet Regional Health - Europe" jurnalında dərc edilən geniş tədqiqat Fransada 63835 insanı doqquz il boyunca izləyib və nəticələr bitki mənşəli qidaların gücünü açıq şəkildə ortaya qoyub. Tam taxıl, meyvə, tərəvəz və paxlalılarla zəngin təbii pəhriz ürək üçün ciddi qoruyucu təsir göstərir, koronar arteriya xəstəliyi riskini 44 faiz, ümumi ürək-damar xəstəliyi riskini isə 32 faiz azaldır. Tədqiqatçılar bildirirlər ki, məsələ yalnız qidanın bitki mənşəli olub-olmamasında deyil. Əsas məsələ onun emal səviyyəsindədir. Emal olunmuş qidalar, hazır veqan yeməkləri, işlənmiş ətlər, şirinləşdirilmiş içkilər ürək xəstəlikləri riskini 38-46 faizə qədər artırır.

Ürək xəstəliklərinin qarşısını alma sahəsində inqilabi yeniliklərdən biri isə gen redaktəsi ilə bağlıdır. İsveçrənin "Crispr Therapeutics" şirkətinin apardığı klinik sınaqda "ANGPTL3" adlı geni sıradan çıxaran terapiya LDL ("pis xolesterin") və trigliserid səviyyəsini cəmi bir tətbiqlə 50 faiz azalda bilib. Bu nəticə 60 gün ərzində sabit qalıb. Mütəxəssislər bunun gələcəkdə gündəlik xolesterin dərmanlarına ehtiyacı tamamilə aradan qaldıra biləcəyini düşünürlər. Tədqiqatın son mərhələsinə 2026-cı ildə başlanacağı gözlənilir.

Oxşar yanaşma üzərində çalışan digər şirkətlər də var. Məsələn, "Verve Therapeutics"in PCSK9 genini hədəfləyən terapiyası əczaçılıq nəhəngi "Eli Lilly" tərəfindən 1 milyard dollara satın alınıb. Bu sahədə baş verənlər göstərir ki, təkcə nadir xəstəliklər deyil, milyonlarla insanı əhatə edən ürək xəstəlikləri də yaxın gələcəkdə gen terapiyasının gündəlik tibbi praktikaya daxil olması ilə tamamilə yeni mərhələyə keçə bilər.

Təbii amillərin təsiri də gözardı edilə bilməz. Harvard Universitetinin rəhbərlik etdiyi geniş araşdırma göstərib ki, həm çox soyuq, həm də çox isti hava ürək çatışmazlığı olan insanların ölüm riskini artırır. 250 min isveçli xəstə üzərində aparılan 15 illik müşahidələr soyuq havada ölüm riskinin 13-16 faiz, isti havada isə 5-8 faiz artdığını sübut edib. Bu risk kişilər, diabet xəstələri və diuretik (sidikqovucu məqsədilə isitifadə edilən dərman) istifadəçilərində daha yüksəkdir. Alimlər iqlim dəyişikliyi fonunda ekstremal temperatur dalğalarının ürək-damar xəstələri üçün daha ciddi təhlükə yaradacağını xəbərdarlıq edirlər.

Bəzi erkən siqnallar isə daha az nəzərə alınır. Miçiqan Dövlət Universitetinin araşdırması göstərib ki, yaşlı insanlarda qoxubilmə qabiliyyətinin zəifləməsi gələcəkdə ürəyin işemik xəstəliyinin inkişaf edə biləcəyinin xəbərçisi ola bilər. Qoxu hissi zəif olan şəxslərdə ürəyin işemik xəstəliyi riski iki dəfə yüksək olub və bu əlaqə tibbi göstəricilər nəzərə alındıqdan sonra belə statistik olaraq əhəmiyyətli qalıb. Kardioloqlar belə hallarda geniş tibbi müayinəni zəruri sayırlar.

 

Xəstəliyin qarşısı yaranmasından əvvəl alınmalıdır

 

Ürək böhranı qəfil başlayan, həyati təhlükəsi olan kritik vəziyyət olsa da, xəstəliyin özü çox zaman illərlə heç bir simptom vermədən inkişaf edir və yalnız ağırlaşma baş verdikdə özünü göstərir. Bu səbəbdən xəstəliyin qarşısını yaranmasından əvvəl almaq ürək sağlamlığının qorunmasında ən mühüm yanaşmadır. Müasir tibbin ən dinamik və həyati sahələrindən biri olan profilaktik kardiologiya da məhz bununla məşğul olur.

Profilaktik kardiologiyanın ən önəmli xüsusiyyətlərindən biri fərdiləşdirilmiş yanaşmadır. Hər insanın ürək sağlamlığı riski unikal olduğu üçün planlaşdırma da ona uyğun aparılır. Həkimlər qanın lipid göstəricilərindən tutmuş arterial təzyiqin seyrinə, hətta zərərli vərdişlərin intensivliyinə qədər bir çox amili nəzərə alaraq profilaktik strategiya qururlar. Erkən müdaxilə sayəsində potensial təhlükələr nəinki vaxtında aşkarlanır, həm də uzunmüddətli həyat keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlir. Nəticə etibarilə profilaktik kardiologiya təkcə xəstəliyi müalicə etməyən, eyni zamanda insanın öz həyatına aktiv şəkildə sahib olmasına şərait yaradan bir konsepsiyaya çevrilir.

Müasir tibb yeni imkanlar yaratsa da, ürəyi qorumaq çox vaxt öz seçimlərimizdən başlayır. Gündəlik həyat tərzindəki kiçik, lakin ardıcıl dəyişikliklər ürək sağlamlığını qoruyaraq xəstəliyin gedişini kökündən dəyişə bilər. Balanslı qida rasionu, maye qəbulu, gigiyena, stresdən uzaq durmaq və yuxu rejiminə diqqət etmək ürək-damar xəstəliklərindən qorunmaq üçün olduqca önəmlidir. Güclü orqanizm üçün gündəlik qida rasionuna yumurta, ağ və qırmızı ət, süd məhsulları kimi proteinli məhsullar, mövsüm meyvə və tərəvəzləri, xüsusilə zəncəfil, sarıkök, darçın, qırmızı və qara istiot kimi ədviyyatlar əlavə edilməlidir. Qızılgül, cökə, adaçayı, nanə, darçın və hibiskus çayları kimi qış içkiləri də soyuq havalarda istehlak edilməlidir.

Kalsiumla zəngin qidalar, xüsusilə kələm və qalın yaşıl yarpaqlı tərəvəzlər, D vitamini ilə bol yağlı balıqlar, maqneziumla zəngin qoz, fındıq, balqabaq tumu və küncüt daha tez-tez qəbul edilməlidir. Proteinli qidalar hər nə qədər faydalı olsa da, orqanizm heyvan zülalları ilə həddindən artıq yüklənməməli, bitki mənşəli zülallara üstünlük verilməlidir. Mütəxəssislərin dediklərinə əməl edərək ürək sağlamlığını qorumaq, buna bağlı müxtəlif xəstəliklərdən uzaq durmaq o qədər də çətin deyil.

 

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Seçilən
28
azerbaijan-news.az

1Mənbələr