AZ

Albertə şillə yedirdən məktub: “Biz azıq, onlar çox, çaqqal kimi tökülüşürlər...”

Münsif müğənnimizin erməni sənətçiyə 12 xal verməsi, üstəlik, onu qucaqlaması məsələsi çox böyüdü, cızığından çıxdı.

Gərək hamı hövsələli, təmkinli olaydı, emosiyaya qapılmayaydı. Emosional hərəkətlər və danışıqlar ziyanlı şeydir. Samirə Əfəndi bir emosional hərəkət etmişdisə, lazım idi ki, onun hərəkətinə soyuqqanlı qiymət verək və silsilə emosional açıqlamalar verməsin.

Amma olmadı, əsəbiləşərək, yaman sözlər danışanlar oldu, söhbət başqa məcraya yönəldi. İndi qorxasan, dünənə qədər qınanan xanım bu gün zərərçəkmişə dönə və tez-tez mövqe dəyişən “sosial şəbəkə xalqı” onun tərəfinə keçə.

Erməni ilə qucaqlaşma söhbətinə görə kütləvi duyğusallaşma haqq-hesabı göstərir ki, o zalımlar uzun illər bizə çox zülm ediblər, ona görə də 5 ildir qalib durumda olmağımıza baxmayaraq, onları belə asanlıqla bağışlaya bilmirik.

Mümkün deyil. Minlərlə gənc, subay oğlan onların avantürasına qurban gedib. Yüz minlərlə yeniyetmə doğma kənd-kəsəyindən didərgin düşüb, indi ağsaqqal kişilər, qadınlardır, amma hələ də öz obalarına qayıtmayıblar.

Düzdür, başımıza gələn faciələrdə Samirənin qucaqladığı gədənin birbaşa rolu yoxdur, amma əmin ola bilərsiniz ki, onun dayıları, əmiləri, bir taqımlıq qohum-əqrəbası bizə güllə atıblar, yiyəsiz qalmış evlərimizin mişar daşını söküb Edillidə yola döşəyiblər, darvazalarımızı, evimizin damının şiferlərini aparıb İranın kəndlərinə satıblar.

Əgər yaşı çatsaydı, Saro özü də bizə sarı güllə atardı. Kim bilir, bəlkə orta məktəbdə oxuyanda hərbi dərsin təlim mərhələsində elə də edib, “qəhrəman zinvor”ların şəninə mahnılar da oxuyub.

Yadıma kəndçimiz, gənclik dostumuz Farizin bir əsgərlik xatirəsi düşür. Mərhum qardaşımız danışırdı ki, o vaxt orta məktəbdə bir sinifdə oxuduqları və dostluq etdikləri gənclər hərbi xidmətə yola düşəndə qərara alırlar ki, bir-birinə məktub yazsınlar, əlaqə saxlasınlar. Bir neçə aydan sonra onlar evdən ünvanları alaraq yazışmağa başlayırlar. Bir gün Fariz hissədə dincəldiyi yerdə dostu İnqilabdan məktub alır, oxuyur ki, o yazıb: “Bizim hissədə ermənilər çoxdur, biz isə üç azərbaycanlıyıq. Ermənilər bizi incidirlər. Çaqqal kimi tökülüşürlər üstümüzə”.

Təbiətcə emosional, dostcanlı və qeyrətli oğlan olan Fariz bir az aralıdakı Hadrut ermənisini yanına çağırır. Bu erməni gənc həmin hissədəki azərbaycanlıların himayəsində olan, qorunan biri olur. Xüsusilə də Fariz hər xaman onu “zemlyak” deyib müdafiə edirmiş. (Hadrutla Füzulinin kəndləri qonşuydu, üstəlik, hər iki icma iç-içə və mehriban yaşayırdı). Hadrutlu oğlan yaxınlaşan kimi Fariz onun suratına bir şillə çəkir və onun “niyə” sualına cavab olaraq İnqilabın məktubunu ona uzadır. Erməni əsgər məktubu alır, oxuyur, ana dilimizi bildiyindən məktubda yazılanları anlayır və Farizə deyir: “Zemlyak, bu işdə mənim nə günahım var? Onlar Çitada, biz Pavlodarda”.

Fariz ona belə bir cavab verir: “Elə deyil, Albert. Orda olsan, sən də İnqilabı incidəcəkdin”.

Məsələ budur. Gerçəkdən də əgər bir hərbi hissədə çoxluqda olan ermənilər azlıqda olan azərbaycanlıları “fürsət bu fürsətdir” deyib incidirsə, amma azərbaycanlılar çoxluqda olduqları yerlərdə erməniləri “zemlyak” deyə himayə edirlərsə, demək, səmimiyyət qarşılıqlı deyil.

Bu xüsusda başqa əsgərlik, tələbəlik xatirələri də var. Bu söhbətlərin hamısında bizimkilərin erməniləri himayə, müdafiə etdiyi barədə detallar vardı, amma ermənilərin eyni şeyi etmədiyi, əksinə, bacardıqca bizimkilərə yamanlıq etdikləri deyilirdi. Mən sizə danışıram 1975-1988-ci illər arasından, qohum-qonşularımızın əsgərlik xatirələrinə diqqətlə qulaq asdığımız illərdən.

Gerçəklik belədir – xoşumuza gəlsə də, gəlməsə də. Nə edə bilərik? Biz onları qucaqlamağa hazırıq, amma onlar bizə qarşı saf niyyətdə deyil.

İndi emosional yanaşmaya qalsa, 1992-ci ildə Qaradağlı kəndinə hücum edən Hadrut ermənilərinin neçə-neçə qız-gəlini girov götürüb apardıqlarını detallı şəkildə yazaram, oxucuların hissi coşar. Amma ehtiyac yoxdur. Təmkinli davranaq.

Hər halda bir müddət ermənilərlə qucaqlaşmadan yaşayaq, görək, nə olur. Onlar düşmənçiliyi unudarlarsa, biz də unudarıq. Yox, yenə uşaqların qulağına “sənin düşmənin türkdür” deyə xısıldayacaqlarsa, biz də nə lalıq, nə də kar.

Bəlkə də qan davasını unutmaq olar, namus davasını - əsla!

 

Seçilən
5
musavat.com

1Mənbələr