Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı gəlir. Bununla əlaqədar ölkədə bir neçə gün ardıcıl qeyri-iş günü olacaq. Tətildən yararlanmaq istəyən vətəndaşlar istirahət üçün həm ölkə daxilində, həm də xaricə səyahətlər planlaşdırırlar. Bayram günlərini maraqlı keçirmək istəyənlər turizm şirkətlərinin təklif etdiyi yeni il turları və müxtəlif istirahət paketlərinə böyük maraq göstərirlər. Eyni zamanda yerli hotellər də xüsusi Yeni il proqramları ilə qonaqlara xidmət təklif edir.
Bəs bayram günlərində bölgələrdə hotellərin qiymətləri necə dəyişəcək?
Məsələ ilə bağlı Publika.az-a açıqlama verən turizm mütəxəssisi Ruslan Quliyev bildirdi ki, təxminən oktyabr ayından başlayaraq, Azərbaycanda Yeni il bayramının təşkili ilə bağlı ölkə daxili və xarici səfərlərlə əlaqədar turizm sənayesi nümayəndələri tərəfindən müxtəlif proqramlar hazırlanıb.
Onun sözlərinə görə, məhz Yeni il ərəfəsi hotel qiymətlərində ümumilikdə ötən aylara nisbətən 20-30 faiz bahalaşma müşahidə oluna bilər:
“Hər il olduğu kimi, bu il də Yeni il dövrü üçün tələbin çox olması səbəbindən qiymətlər artır. Daha çox tələb Qəbələ, Lənkəran, Qusar, Quba, Şamaxı və İsmayıllı rayonlarınadır. Xüsusilə Şahdağ bölgəsinə rezervasiyalar daha çoxdur. Bununla yanaşı, artıq Bakıda da bir çox Avropa və MDB ölkələrinin paytaxtlarında olduğu kimi Yeni il möhtəşəm şəkildə qeyd edilir.