ain.az, 525.az saytına istinadən bildirir.
Azərbaycanda dövlət dəstəyi ilə uğurla tətbiq olunan aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı artır. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, 2025-ci ilin noyabr ayında Aqrar Sığorta Fondu tərəfindən ölkədə ilk dəfə olaraq meyvə bağlarında doludan keyfiyyət itkisi üzrə sığorta ödənişi edilib.
Belə ki, Tərtər rayonun Kəbirli kəndində yerləşən bir şirkətə məxsus meyvə bağları 2025-ci ilin may ayında dolu yağması nəticəsində ciddi təsirə məruz qalıb. Hadisə barədə müraciət daxil olduqdan dərhal sonra Aqrar Sığorta Fondu tərəfindən əraziyə müstəqil aqrar sığorta ekspertləri yönəldilib. Aparılan hesablamalar əsasında təsərrüfata ümumilikdə 321 602 manat aqrar sığorta ödənişi təyin edilib.
Bu, indiyədək Aqrar Sığorta Fondu tərəfindən meyvə bağlarına ödənilən ən böyük sığorta ödənişidir.
Ödəniş alan təsərrüfat nümayəndələri aqrar sığorta sisteminin işindən məmnun olduqlarını bildiriblər.
“Fonda bağın şaxtavurmadan və dolu hadisəsindən sığortalanması üzrə müraciət etmişdik. Təsərrüfatımızın zərərini qarşılandı. Biz bütün fermerləri aqrar sığortadan faydalanmağa, öz əkin sahələri və meyvə bağlarını sığortalamağa çağırırıq” – deyə, şirkətin baş aqronomu Asif Zeynalov bildirib.
Ümumilikdə ölkə üzrə Aqrar Sığorta Fondu tərəfindən meyvə bağlarına 1,5 milyon manat sığorta ödənişi həyata keçirilib. Fond 41 növ bitki və bitki məhsullarını sığorta edir. Dövlət tərəfindən təqdim olunan 50%-lik sığorta haqqı güzəşti nəticəsində fermerlər sığorta haqqının yalnız yarısını ödəyirlər.
Zakir Muradov,
Tərtər - Gəncə


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.