Azərbaycanlı futbolçular Emin Mahmudov və Kamran Ağayevin vaxtilə (2016–2017) formasını geyindiyi “Boavista” klubu dağılıb.
Fanat.Az xəbər verir ki, informasiyanı Portuqaliya mətbuatı yayıb.
“Boavişta” maliyyə problemlərinə görə sözügedən ölkənin ikinci, üçüncü və dördüncü lqialarında oynamaq üçün lisenziya ala bilməyib. Belədə regional liqada oynamaq məcburiyyətində qalan komanda ardıcıl texniki məğlubiyyətdən sonra oktyabrda yarışdan çıxıb.
Dünən isə “Boavişta” çoxlu borclara görə Vila Nova məhkəməsinə klubun ləğvi ilə bağlı müraciət edildiyini təsdiqləyib. 122 yaşlı komandanın rəhbərliyi aşağı yaş qruplarında oynayan futbolçulara klubun infrastrukturundan istifadə imkanından məhrum etməmək üçün strukturunu qoruyub saxlamağa çalışacağını bəyan edib.
Qeyd edək ki, “Boavişta” 2001-ci ildə Portuqaliya çempionu olub, 5 dəfə Portuqaliya kubokunu və 3 dəfə Portuqaliya Superkubokunu qazanıb.