AZ

Həkim 40 yaşdan yuxarı qadınlarda artıq çəkinin əsas səbəbini açıqladı

Qalxanabənzər vəzin fəaliyyətində yaranan problemlər 40 yaşdan yuxarı qadınlarda sürətli və nəzarətsiz çəki artımının başlıca səbəblərindən biri ola bilər.

Editor.az xəbər verir ki, bu barədə dietoloq Lyudmila Denisenko məlumat verib.

Onun sözlərinə görə, qalxanabənzər vəz hormonları bədəndə enerji mübadiləsini tənzimləyir və onların səviyyəsinin aşağı düşməsi maddələr mübadiləsinin ləngiməsinə səbəb olur:

“Hipotiroidizm böyüklərin təxminən 10 faizində müşahidə olunur və bu xəstəliyin müxtəlif səbəbləri var. 40 yaşdan sonra qadınlarda artıq çəkini yaradan əsas amillərdən biri də məhz qalxanabənzər vəzin fəaliyyətindəki pozuntulardır”.

Dietoloq bildirir ki, adi qidalanma və fiziki aktivlik fonunda çəki artımı davam edirsə, mütləq tibbi müayinədən keçmək lazımdır:

“Hətta əvvəlki qədər yeməsəniz və hamiləlik planlamasanız belə, qarın nahiyəsinin qəfil böyüməsi baş verə bilər. Bu hal uşaqlıq və yumurtalıqlarda xoşxassəli və ya bədxassəli şişlər, qarın boşluğunda maye yığılması (astsit), bağırsağın genişlənməsi (dolixoziqma) kimi müxtəlif səbəblərlə əlaqəli ola bilər”.

Endokrinoloq Anna Oderiy isə bildirib ki, ödem və artıq çəki ilk baxışdan oxşar görünsə də, onları ayırd etməyə imkan verən bir neçə əlamət mövcuddur:

“Məsələn, ödemdə bədən ölçüləri gün ərzində dəyişə bilər – səhər üz nahiyəsində, axşam isə ayaqlarda şiş müşahidə olunur. Yağ qatları isə belə dəyişkənlik göstərmir”.

O, sadə “barmaq testi” tövsiyə edib:“Dərini ayaq və ya baldır nahiyəsinə yüngül basın. Əgər basdığınız yerdə çuxur yaranır və tədricən yoxa çıxırsa, bu, ödem əlamətidir. Yağ yığıntılarında isə dəri elastik olur və çuxur qalmır”.

Mütəxəssis həmçinin çəki artımının sürətinə diqqət yetirməyin vacib olduğunu deyib: “Ödəm cəmi bir-iki gün ərzində 1–2 kilo artıma səbəb ola bilər. Yağ toxuması isə bu qədər sürətlə yığılmır”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
50
editor.az

1Mənbələr