AZ

İlqar Fəhmi: Mediada dilin səlistliyi və düzgünlüyü qorunmalıdır

Bakı, 26 noyabr, Gülay Nəzərova, AZƏRTAC

Azərbaycan ədəbi dilindən düzgün istifadə məsələsi son zamanlar sanki ikinci plana keçmişdi. Əksər hallarda “təbiiliyi qorumaq” xatirinə nitqimiz istər tədbirlərdə, istər çəkilişlərdə, istərsə də televiziyada və internetdə ədəbi dildən uzaqlaşırdı. Təbiilik adı altında ləhcələrdən istifadə etmək, qeyri-standart cümlə quruluşları yaratmaq ədəbi dilin inkişafına zərbə vurur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi, şair-yazıçı İlqar Fəhmi bildirib.

“Düşünürəm ki, dilimizin qorunması və inkişafı baxımından müəyyən senzura amili də olmalıdır. Telekanallarda, internet platformalarında və baş redaktor amili olan hər bir mediada dilin səlistliyi və düzgünlüyü qorunmalıdır. Mütləq şəkildə buna fikir verilməlidir ki, toplum ən azından ədəbi dilin nümunəsini eşitsin. Açıq cəmiyyət şəraiti bəzi məqamların qarşısını alır. Sosial şəbəkələrdə hər kəs istədiyini yazır və buna nəzarət demək olar ki, mümkün deyil. Amma saytlar, telekanallar və mətbuat orqanlarında dilin düzgünlüyünə nəzarəti gücləndirmək mümkündür”, - deyə İlqar Fəhmi əlavə edib.

Onun sözlərinə görə, gənclərin maraq göstərdiyi məlumatların böyük hissəsi xarici dillərdədir: ingilis, türk və ya rus dilində. Azərbaycan dilində həmin materialların sayı isə çox azdır. Nəticədə, xarici dillərdə əldə olunan informasiya onların düşüncəsinə təsir edir. Bu baxımdan, Azərbaycan dilində elmi-kütləvi materialların, filmlərin, televiziya verilişlərinin və digər kontentin sayı artırılmalıdır.

Seçilən
84
azertag.az

1Mənbələr