AZ

Argentina Qrossini BMT baş katibi postuna namizəd göstərib

Buenos-Ayres MAQATE baş direktorunun beynəlxalq diplomatiyada təcrübəsini və liderlik keyfiyyətlərini vurğulayır...

Poliqon xəbər verir ki, Argentina Respublikası Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Mariano Qrossinin Birləşmiş Millətlər Təşkilatının baş katibi vəzifəsinə rəsmi namizədliyini irəli sürüb. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında Qrossinin parlaq karyerası olan, beynəlxalq münasibətlər sahəsində dərin biliklərə sahib təcrübəli diplomat olduğu qeyd edilir. Argentina XİN-in fikrincə, o, qlobal böhranların həllində, diplomatik dialoqun qurulmasında və münaqişələrin idarə olunmasında özünü təsdiqləmiş şəxsdir. Qrossinin ardıcıl iki dəfə MAQATE baş direktoru seçilməsi də onun liderlik keyfiyyətlərinin təsdiqi kimi qiymətləndirilir.

Rafael Qrossi BMT baş katibi postuna namizəd olmaq niyyətini ilk dəfə bu ilin aprel ayında açıqlamışdı. O, 2017-ci ildən təşkilata rəhbərlik edən António Quterreşi əvəzləmək niyyətindədir. Bununla yanaşı, BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibi Rebeka Qrinspan da baş katib postuna namizədliyini irəli sürmək barədə açıqlama vermişdi.

Məlumata görə, BMT baş katibi seçkiləri 2026-cı ilin iyul ayının sonunda keçiriləcək. Namizədi əvvəlcə BMT Təhlükəsizlik Şurası seçəcək, daha sonra isə BMT Baş Assambleyası təsdiqləyəcək. BMT-nin Nizamnaməsində baş katibin neçə müddət vəzifədə qala biləcəyinə dair məhdudiyyət yoxdur, lakin indiyədək heç bir şəxs bu postu 10 ildən artıq müddət idarə etməyib.

Poliqon.info

Seçilən
70
3
poliqon.info

8Mənbələr