AZ

EAPCA-nın təqdimat tədbirində diasporun rolu və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub - FOTOLAR

Bakıda Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurasının yığıncağı keçirildi. Məclisdə Avropada yaşayan Azərbaycan Diaspor Təşkilatının nümayəndələri, ölkəmizin qeyri-hökumət təşkilatı rəhbərləri və media təmsilçiləri iştirak edirdilər.

QHT.az xəbər verir ki, görüş Zəfərimizin 5 illik yubiley ilində Azərbaycanın səsini Avro-Atlantik məkanında ucaldan Beynəlxalq Tərəfdaşlıq Platformasının fəaliyyətinə həsr olunmuşdu. Tədbirdə yerli və beynəlxalq qonaqlar, dövlət qurumlarının rəsmiləri, diaspor və QHT nümayəndələri iştirak ediblər. EAPCA-nın Avro-Atlantik məkanında fəaliyyət göstərən transmilli lobbiçilik və tərəfdaşlıq platforması olduğu qeyd edilib və qurumun BMT, Avropa Parlamenti, UNESCO, ATƏT və digər beynəlxalq strukturlarla əməkdaşlıq etdiyi bildirilib.

Şuranın baş katibi Sahil Qasımov təşkilatın yaranma tarixi, Avropadakı azərbaycanlı qurumları birləşdirən platforma kimi formalaşması və qısa müddətdə Niderlandda rəsmi qeydiyyatdan keçərək yüksək səviyyəli görüşlər həyata keçirməsi barədə məlumat verib. O, EAPCA-nın Avropada siyasi və ictimai fəaliyyətini genişləndirdiyini, diaspor, dövlət qurumları və media ilə əməkdaşlığın davam etdiyini vurğulayıb.

Milli Məclisin deputatı Elman Nəsirov son illərdə diasporun milli maraqların müdafiəsində xüsusi rol oynadığını, Prezident İlham Əliyevin xaricdə yaşayan azərbaycanlıların siyasi fəallığının artırılması ilə bağlı çağırışlarının bu istiqamətdə mühüm nəticələr verdiyini qeyd edib. O, Şuranın beynəlxalq arenada ölkəmizin mövqeyinin gücləndirilməsinə ciddi töhfə verəcəyini bildirib.

Millət vəkili Tənzilə Rüstəmxanlı Şuranın çətin dövrlərdə belə fəaliyyətini dayandırmadığını, üzvlərin Avropada Xocalı həqiqətlərinin təbliği yolunda böyük fədakarlıq göstərdiyini qeyd edib. O, bu gün Şuranın daha güclü imkanlara sahib olduğunu və ölkəmizin beynəlxalq imicinə mühüm töhfələr verdiyini bildirib.

Deputat Rizvan Nəbiyev Prezident İlham Əliyevin ardıcıl diaspor siyasətinin Azərbaycan diasporunu güclü təşkilatlanmış bir qüvvəyə çevirdiyini, bu fəaliyyətin ölkəmizin qlobal nüfuzunu artırdığını deyib. O, Avropada diasporun illər ərzində üzləşdiyi çətinliklərin artıq aradan qalxdığını və bu gün diasporun siyasi dairələrlə effektiv əməkdaşlıq qurduğunu vurğulayıb.

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu Azərbaycanın informasiya mübarizəsində daha güclü koordinasiyaya ehtiyac olduğunu qeyd edərək media və diasporun birlikdə hərəkət etməsinin vacibliyini bildirib. O, gənc jurnalist və blogerlərin düzgün istiqamətləndirilməsinin informasiya təhlükəsizliyinin əsas şərtlərindən olduğunu söyləyib.

BAYRAQDAR MEDİA-nın qurucu baş redaktoru Azər Həsrət diaspor fəaliyyətinin milli məsuliyyət tələb etdiyini, xaricdə Azərbaycanın layiqincə təmsil olunmasının hər kəsin borcu olduğunu deyib. O, əsassız şəkildə ölkəyə qarşı çıxış edən şəxsləri tənqid edərək Azərbaycan diasporunun birliyinin və EAPCA kimi qurumların rolunun artdığını vurğulayıb.

Qeyd edək ki, tədbirdə EAPCA-nın İdarə Heyətinin üzvləri, o cümlədən Finlandiya Azərbaycanlıları Assosiasiyasının həmsədrləri Vasif Muradlı və Arzu Oqtay da çıxış ediblər. Sonda Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurası Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə media təmsilçilərinə “Honorary Diploma” mükafatlarını təqdim edib.

 

Seçilən
240
qht.az

1Mənbələr