AZ

Həyat izi axtaran ölülər

“Oyaqlar üçün dünya birdir, ümumidir, yatanlar isə hərəsi başqa-başqa dünyalar görür”

(Heraklit)

Almaniyadan 4 nəfərlik bir ailə Türkiyəyə istirahətə gəlmişdi, qaldıqları hoteldə faciəvi şəkildə öldülər. Araşdırma aparıldı, son nəticələrə görə, ölüm səbəbi hotelin dezinfeksiyası zamanı kimyəvi zəhərdən yaranan fosfin qazı imiş. Bu qaz adətən iysizdir, rəngsizdir, 1-ci dərəcə zəhərli və insan həyatı üçün təhlükəli qaz sayılır, az zaman ərzində əsəb, həzm, nəfəs sistemini, qaraciyəri, böyrəkləri - qısası, insanı tamamilə məhv edə bilirmiş.

Ancaq həyatın düşməni olan bu qaz, sən demə, həm də... həyatın sübutu üçün lazım imiş! Qəribə və paradoksaldır, deyilmi? Söhbət ondadır ki, fosfin canlılar aləminin çürüntüsü zamanı ayrılan marker - nişanverici qazlardan biridir. Məsələn, keçmişlərdə ölüləri betonlamayıb dəfn edərkən həmin qaz çürüntüdən ayrılır, atmosferdə oksigenlə birləşərkən öz-özünə yana bilirdi. Nəticədə bəzi dələduzlar, mollalar “Filankəsin məzarından işıq çıxır, müqəddəsdir, oranı pir elan edirəm, gətirin nəzirləri” deyərək pul yığır, babat qabağa düşürdülər. Uzun sözün qısası, indi kosmosun dərinliklərinə teleskop uzadıb planetlərin kimyəvi tərkibini spektral analiz edən alimlər harada fosfin əlaməti tapsalar, orada həyat olduğunu zənn edirlər. Misal üçün, 2020-ci ildə Veneranın atmosferində fosfin qalıqları aşkar ediləndə aləm bir-birinə dəymişdi. Hətta belə versiya irəli sürülmüşdü ki, orada mikroskopik canlılar var, havada, qaz mühitində uçaraq yaşayırlar. Deyəsən, sonradan həmin fosfinin başqa mənbədən olması qənaətinə gəlindi. Elmdə belə şeylər çox olur. Bir dəfə də axşam çağları planetdə elektromaqnit siqnallarının artmasını yadplanetlilərdən gələn mesaj saymışdılar, ancaq sonra məlum olmuşdu ki, bunun səbəbi... camaatın mikrodalğalı sobada yemək qızdırmasıdır. 

Sözümün canı isə odur ki, həyat burada, planetdə, əlimizdə və canımızda ola-ola onun qədrini bilmir, axmaq səbəblərlə itiririk, əvəzində isə cansız kosmosda həyat izi gəzirik. İnsanı kainatın əşrəfi, təkamülün zirvəsi-zadı sayanlar hərdən bunu düşünsünlər. 

Putin və onun əlaltısı olan dünya liderləri şəxsən 150 il yaşamağın yollarını axtarırlar, bunu heç gizlətmirlər. Amma ara yerdə 1 milyona yaxın insanı müharibədə qırğına verdilər. “Donbas torpağı bizimdir” şüarıyla Rusiya və Ukrayna torpaqlarını böyük məzarlığa çeviriblər. Ata sözümüzdəki kimi: “Dədəsini öldürüb ki, goruna and içsin”. 

Cənub qonşumuz da ağılda irəli getməyib. İranın uzun illərdir bütün dünya ilə apardığı davanın mərkəzində... uranın zənginləşdirilməsi proqramı, nüvə silahı qayırmaq imkanı əldə etmək durur. Ancaq ölkədə su yoxdur! Suyu “zənginləşdirmək” - təmizləmək, əhaliyə çatdırmaq planları üzərində düşünmək yerinə dövlət neçə ildir dizini yerə atıb “bombanı necə düzəldək” planı üzərində çalışır. Bunu başqa planetdən gələnlərə danışsan, yəqin üç başları, yeddi ...ləri ilə gülərlər, ancaq biz Yer sakinləri olaraq qəti gülmürük. Çünki aşağı-yuxarı bütün xalqlar və dövlətlər eyni ağıldadır. Bunun da folklorumuzda diaqnozu var. Təxminən “ayranı yox içməyə, atla gedir s...mağa” ata sözünün vəziyyətində yaşayırıq. “Təxminən” sözünü, deyəsən, səhv yazdım, eynilə o vəziyyətdir. Camaat məscidlərdə kütləvi yağış duasına durur. Hətta bugünlərdə İranın Seyran Səxavətə oxşayan prezidenti elə bu cür də bəyan etmişdi, deyir, suyun dibi qalıb, paytaxtı harasa köçürməli olacağıq. 

Köçün İsrailə, orada dəniz suyunu təmizləmə texnologiyası qabağa gedib. 

Ya da elə təklif edirəm paytaxt Tehranı Natanz nüvə mərkəzinə köçürəsiniz. Axı orada reaktoru soyutmaq üçün çoxlu su lazım gəlir, ehtiyatı qalmamış olmaz. Düzdür, bir az tərkibi başqadır, adına da “ağır su” deyilir, ancaq təki insanı Allah saxlasın, içərsiniz, heç nə olmaz. Hələ mən oxuduğuma görə bu ağır suyun yüngülvari şirin dadı varmış. Şirinçay elə, vur bədənə. 

Əlbəttə, lazımdır ki, üləmalar müəyyən fiqhi işlərə də fətva gətirsinlər, məsələn, ağır su ilə dişləri yaxalamaq orucu pozacaqmı, ya yox. Bunlar çox önəmli şeylərdir. 

 

Seçilən
56
musavat.com

1Mənbələr